18 fevral 2026 21:49
133

Fuad Nağıyev: “Əsas məqsədlərimizdən biri ölkəmizi beynəlxalq arenada layiqli təmsil etməkdir”

İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

“İki sahil” xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən idmançılarımızın çıxışlarını Kortina d'Ampezzoda yaxından izləyənlər arasında Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də var. Federasiya rəhbəri ölkəmizi təmsil edən idmançılarımızın çıxışları ilə bağlı açıqlamasında ümumi təəssüratların müsbət olduğunu bildirib:

“İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında idmançılarımızın çıxışlarını yaxından izləyirik. Ümumi təəssüratlar müsbətdir. Oyunların təşkilatçılıq səviyyəsi Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə tam cavab verir. İdmançılar üçün maksimum dərəcədə rahat və əlverişli şərait yaradılıb. Fürsətdən istifadə edərək, Milli Olimpiya Komitəsinin rəhbərliyinə, eləcə də MOK-un vitse-prezidenti Çingiz müəllimə minnətdarlığımı bildirirəm”.

Fuad Nağıyev dağ xizəyinin slalom növündə yarışan idmançımız Anastasiya Papatomanın çıxışına da toxunub: “İdmançımız Anastasiya Papatoma dağ xizəyinin slalom növündə mübarizə aparır. Anastasiya bu starta yüksək hazırlıq səviyyəsi və böyük motivasiya ilə yanaşır. Təbii ki, qış idman növlərində idmançılarımızın təcrübəsi hələlik azdır. Bununla belə, Olimpiya Oyunlarında əsas məqsədlərimizdən biri iştirak və ölkəmizi beynəlxalq arenada layiqli təmsil etməkdir. İnanırıq ki, Anastasiya Papatoma slalom yarışında ikinci çıxışında da öz potensialını tam şəkildə nümayiş etdirəcək. Ona yarışlarda uğurlar arzulayırıq”.

Fuad Nağıyev, həmçinin ölkədə qış idman növlərinin inkişafına toxunaraq bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.  “Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə qış idman növlərinin inkişafı ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Qış idman növlərinə marağın artması gələcək inkişaf üçün mühüm və müsbət göstərici kimi dəyərləndirilir. İnanırıq ki, yaxın illərdə Azərbaycan qış idman növləri üzrə beynəlxalq arenada daha yaxşı nəticələrlə yadda qalacaq”, - deyə Fuad Nağıyev bildirib.