22 fevral 2026 19:07
111

Somalinin separatçı regionu ABŞ-yə hərbi baza üçün yer təklif edir

Somali Federativ Respublikasının separatçı regionu olan Somalilənd ABŞ-yə mineral ehtiyatlarının istismarı və ərazisində hərbi bazaların yaradılması üçün imtiyaz verməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “əl-Arabiyyə” saytı özünü müstəqil elan etmiş regionun “prezident işləri üzrə naziri” Xıdır Hüseyn Abdinin “France-Presse” agentliyinə açıqlamasına istinadla məlumat yayıb.

1991-ci ildə Somali Federativ Respublikasından birtərəfli qaydada müstəqilliyini elan etmiş region beynəlxalq səviyyədə tanınmağa çalışır. Keçən il dekabr ayının sonunda İsrail regionun müstəqilliyini tanıyan ilk ölkə olub.

Cibuti və Somalilənd Qırmızı dənizlə Ədən körfəzi arasında yerləşən Bab el-Məndəb boğazının girişində yerləşir. Bu ərazi Hind okeanı ilə Süveyş kanalı arasında əlaqə yaradan və dünyanın ən intensiv ticarət yollarından biri sayılan marşrutun üzərindədir.