22 fevral 2026 21:00
109

"Axios": ABŞ İranla danışıqların növbəti mərhələsinin keçirilməsi üçün şərt irəli sürüb

İslam Respublikası hökuməti 48 saat ərzində nüvə sazişi ilə bağlı ətraflı təklif təqdim edərsə, ABŞ İranla danışıqların növbəti mərhələsini keçirməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.

"Əgər İran təkliflər layihəsini təqdim etsə, ABŞ ətraflı danışıqlara başlamaq və nüvə sazişi bağlaya biləcəyimizi görmək üçün cümə günü Cenevrədə görüşməyə hazırdır", - "Axios"un həmsöhbəti bildirib.

Digər mənbənin sözlərinə görə, görüşdə ABŞ və İran nüvə sazişi bağlanana qədər keçid dövrü üçün müvəqqəti razılaşmanı müzakirə edə bilər. "Axios" yazıb ki, fevralın 27-də Cenevrədə keçiriləcək danışıqlarda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak edəcəklər.

Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ikinci mərhələsi başa çatıb. İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun gələcək nüvə sazişinin bir neçə əsas bəndi üzrə razılığa gəldiyini bəyan edib. Ağ Evdən isə bildiriblər ki, bəzi məsələlərdə hələ də fikir ayrılıqları qalmaqdadır. Donald Tramp İrana saziş bağlamaq üçün 10–15 gün vaxt verib.