22 fevral 2026 23:23
117

Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Okaz" qəzetində Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşları üçün tətbiq olunan birtərəfli və müddətli vizasız rejimlə bağlı məqalə dərc edilib.

“İki sahil” xəbər verir ki, yazıda Azərbaycanın atdığı bu addım iki ölkə arasında artan turizm axınının, intensivləşən iqtisadi əlaqələrin və genişlənən investisiya əməkdaşlığının məntiqi davamı kimi qiymətləndirilir.

Bildirilir ki, bir neçə dövlətlə yanaşı, Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər. Bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində etibarlı viza təqdim etməlidirlər.

Bununla yanaşı, krallıqda yaşayan və azı 6 ay müddətinə etibarlı yaşayış icazəsinə malik əcnəbi rezidentlər də Azərbaycan beynəlxalq hava limanlarında gəliş zamanı birgirişli turizm vizası əldə edə biləcəklər. Bu viza onlara ölkədə 30 gün qalmaq hüququ verəcək.