İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.
“İki sahil” xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib.
Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.
O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.
Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.