19 fevral 2026 15:34
152

Elxan Nağıyev: Dövlət və özəl qurumlar könüllü qanvermə aksiyaları keçirməklə bizə böyük dəstək verirlər

Respublika Qan Bankı bütün tibbi ehtiyacları qarşılaya biləcək stabil və dayanıqlı qan və onun komponentlərinin ehtiyatına malikdir

Səhiyyə Nazirliyinin Respublika Qan Bankında qan və qan komponentlərinin ehtiyatı könüllü donorlar hesabına formalaşır. Bu model yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində ən etibarlı, təhlükəsiz və davamlı qan təminatı mexanizmi kimi qəbul olunur. İllik qan ehtiyatı bir neçə paralel mexanizm əsasında formalaşdırılır. Mən ilk növbədə mütəmadi olaraq Respublika Qan Bankına müraciət edən könüllü donorları qeyd etmək istərdim. Onlar sistemin əsas dayaqlarından biridir. Bundan əlavə, dövlət və özəl qurumlar mütəmadi olaraq könüllü qanvermə aksiyaları keçirməklə bizə böyük dəstək verirlər. Bu aksiyalar qan ehtiyatının əhəmiyyətli hissəsinin formalaşmasında mühüm rol oynayır. Ali təhsil müəssisələri, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, media qurumlarının dəstəyi də xüsusi qeyd edilməlidir.

Bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində söyləyib.

Elxan Nağıyev qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ölkə üzrə tibb müəssisələrinin ehtiyaclarını, əməliyyat saylarını, talassemiya və digər xroniki xəstəliklər üzrə tələbatı mütəmadi təhlil edir. Bu təhlillər əsasında illik və aylıq qan toplama planları hazırlanır. Bununla da resurslardan səmərəli istifadə təmin olunur, eyni zamanda, fövqəladə hallar üçün strateji ehtiyatlar saxlanılır. Bir sözlə, Respublika Qan Bankı bütün tibbi ehtiyacları qarşılaya biləcək stabil və dayanıqlı qan və onun komponentlərinin ehtiyatına malikdir.

Yaqut Ağaşahqızı, “İki sahil”