19 fevral 2026 15:10
101

Əsas hədəfimiz təkcə qan toplamaq deyil - İcraçı direktor

Qan Bankında donordan pasiyentə qədər izlənilə bilən prinsipi tətbiq olunur

Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi cənab Prezident İlham Əliyevin 16 iyul 2024-cü il tarixli 151 nömrəli Fərmanına əsasən yaradılıb və Azərbaycan Respublikasında qan xidməti sahəsində mərkəzi və əsas icraçı qurum olaraq ölkə üzrə qan xidmətinin bütün mərhələlərinin vahid sistem əsasında idarə edilməsini təmin edir. Bizim fəaliyyətimiz yalnız qan toplamaqla məhdudlaşmır, daha geniş – strateji əhəmiyyətli bir səhiyyə xidmətini əhatə edir. Qurumumuz tərəfindən donorların cəlb edilməsi və donorluğun təşkili, qanın təhlükəsiz şəkildə toplanması, geniş spektrli laborator müayinələrin aparılması, qanın müasir texnologiyalar vasitəsilə komponentlərə ayrılması, saxlanması və logistik idarə olunması, bütün tibb müəssisələrinin ehtiyaclarının operativ qarşılanması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yəni, Səhiyyə Nazirliyinin Respublika Qan Bankı donorla pasiyent arasında bütün prosesi vahid mexanizm daxilində koordinasiya edən, strateji qan ehtiyatının formalaşdırılmasına cavabdeh olan əsas qurumdur. Səhiyyə Nazirliyinin Respublika Qan Bankının missiyası təhlükəsiz və dayanıqlı qan xidmətini həyata keçirməkdir.

Bunu  Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində söyləyib.

İcraçı direktorun sözlərinə görə, bu məqsədlə fəaliyyətləri bir sıra istiqamətləri əhatə edir: ”Bura təhlükəsiz və davamlı qan ehtiyatının formalaşdırılması, könüllü və təmənnasız qan donorluğu mədəniyyətinin inkişafı, müasir laborator və informasiya texnologiyalarının tətbiqi; qan komponentlərinin beynəlxalq protokollara uyğun hazırlanması; regionlarda qan xidmətinin təşkili və koordinasiyası, fövqəladə hallar üçün strateji ehtiyatların təmin edilməsi, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sisteminin qurulması və s. daxildir. Bu istiqamətlər bir-birini tamamlayan vahid mexanizm kimi fəaliyyət göstərir və ölkə üzrə qan təminatının fasiləsizliyini təmin edir. Qan ehtiyatının toplanması elmi əsaslara söykənən və ciddi tibbi protokollarla tənzimlənən çoxmərhələli prosesdir".

Onun sözlərinə görə Səhiyyə Nazirliyi Respublika Qan Bankında donordan pasiyentə qədər izlənilə bilən prinsipi tətbiq olunur. Hər bir qan vahidi elektron informasiya sistemində qeydiyyata alınır və bütün mərhələlərdə izlənilir. Əsas hədəfimiz təkcə qan toplamaq deyil, təhlükəsiz, keyfiyyətli, etibarlı, davamlı və şəffaf qan təminatı sistemini formalaşdırmaqdır. Bu sistem sayəsində ölkəmizdə qan və qan komponentlərinə ehtiyacı olan minlərlə insanın həyatı xilas edilir.

Yaqut Ağaşahqızı,”İki sahil”