25 fevral 2026 09:28
119

Karakas Panama hava limanında diplomatik poçtların açılmasını pisləyib

Venesuela hökuməti Panama şəhərinin hava limanında diplomatik çantaların açılmasını pisləyir və Panama hakimiyyətini diplomatik fəaliyyəti tənzimləyən qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto bəyanat verib.

"Venesuela Bolivar Respublikası hökuməti 24 fevral 2026-cı ildə Panamanın Tokumen beynəlxalq hava limanında Venesuela diplomatik poçtunun zorla açılması ilə baş verən hadisələri pisləyir", - deyə kommünikedə bildirilib.

Vurğulanıb ki, Panama hakimiyyət orqanlarının hərəkətləri heç bir halda açıla və ya saxlanıla bilməyən diplomatik poçtun toxunulmazlığını müəyyən edən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.

Qeyd olunub ki, Bolivar hökuməti Panama hakimiyyətindən diplomatik poçtun toxunulmazlığına zəmanət verməsini tələb edir və diplomatik və konsulluq fəaliyyətini tənzimləyən qaydalara ciddi şəkildə riayət olunmasına çağırır.