ABŞ-nin paytaxtı Vaşinqtonda Xocalı soyqırımının 34-cü illiyinə həsr olunmuş "Qaranlıqdan işığa" adlı sərgi və rekviem konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Özbəkistan və bir sıra ölkələrin səfirləri və digər diplomatik korpus nümayəndələri, yerli ictimaiyyət və Azərbaycanın ABŞ-dəki diaspor təmsilçiləri iştirak edib. Tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı soyqırımına həsr olunmuş kolleksiyası nümayiş olunub.
İlk olaraq Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu yad edilib.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim azərbaycanlıların başına gətirilən bu faciədən danışıb və bu qaranlıq günlərin xalqı daha da gücləndirdiyini deyib: "Dünyanın hər yerində yaşayan azərbaycanlılar bu günahsız insanların ruhlarının təkcə xatirələrdə deyil, həm də əməllərdə yaşamasına məsuliyyət daşıyır".
"Arts Council Azerbaijan"ın direktoru Dadaş Məmmədov tədbir çərçivəsində açılan sərgi barədə danışaraq atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi bu əsərləri həyatının 10 ili ərzində yaratdığını deyib. O, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 40-a yaxın əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində açıldığını xatırladaraq sərgidə Nazim Məmmədovun bununla da özünün həyat missiyasını yerinə yetirdiyini əlavə edib.
D.Məmmədov bu sərginin bütün dünyada təşkil edildiyini və kolleksiya haqqında hekayələri danışaraq incəsənət vasitəsilə bunu nümayiş etdirməkdən məmnun olduğunu vurğulayıb.
Daha sonra tədbirdə azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin ifasında Abuzər Manafzadənin "Xocalıya", Turan Manafzadənin "Mənim Azərbaycanım", Üzeyir Hacıbəylinin "Çırpınırdı Qara dəniz", Elza İbrahimovanın "Sən yadıma düşəndə", "Laçın", "Sarı gəlin" xalq mahnıları, "Nazəndə sevgilim" mahnısı, Aşıq Veysəlin "Uzun, ince bir yoldayım", bəstəkarlar Fredrix Şopenin və Con Keycin əsərləri səsləndirilib.
Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Küveyt Əmirini milli bayramları münasibətilə təbrik edib