01 mart 2026 14:44
121

“Terrorsuz Türkiyə”nin ikinci mərhələsi Müdafiə Nazirliyi və kəşfiyyat xidmətinin məlumatları əsasında başlayacaq

“Terrorsuz Türkiyə” təşəbbüsünün ikinci mərhələsi Türkiyənin Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən PKK terror təşkilatının tam tərksilah olunması faktı təsdiqləndikdən sonra başlayacaq.

“İki sahil” Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi və MİT-də PKK təhdidi mövzusunda birgə məruzə hazırlanacaq, həmin məruzə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvlərinə təqdim ediləcək.

“Türkiyənin Milli Təhlükəsizlik Şurası “terror təşkilatı fəaliyyətini dayandırıb” və “silahlar təhvil verilib” qərarını qəbul edəcəyi halda, milli qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində addımlar atılacaq”, – deyə qəzet yazır.

Məqaləyə əsasən, Türkiyənin Ədliyyə Nazirliyində işçi qrupu yaradılacaq. Müxtəlif siyasi partiyaların iştirakı ilə daha bir qrup Türkiyə parlamentində qeyri-rəsmi fəaliyyətə başlayacaq.

“Qanunvericilik aktlarına ediləcək dəyişikliklər fonunda PKK terror təşkilatının üzvləri üç kateqoriyaya bölünəcək: cinayət əməllərində iştirak etməmiş silahlılar, terror aktlarının iştirakçıları və artıq məhkum olunmuş, yəni həbsxanalarda olan şəxslər”, – deyə nəşrdə bildirilir.

Terror aktlarında iştirak etməmiş şəxslər ölkəni tərk etməmək barədə iltizam müqabilində azadlığa buraxılacaqlar. Onlar üçün reabilitasiya və peşə hazırlığı kursları açılacaq.

Hərbçilərə və mülki şəxslərə qarşı hücum və təxribatlarda iştirak etmiş, məhkum olunmuş PKK üzvləri, həmçinin Avropa ölkələrində terror təşkilatının tərəfdarları Türkiyənin Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdən yararlana biləcəklər: “PKK terror təşkilatının buraxılması ilə əlaqədar həmin şəxslərə münasibətdə artıq “terrorizm” maddəsi tətbiq edilməyəcək. Həbs müddətləri azaldılacaq, vaxtından əvvəl şərti azadlığa buraxılma imkanı yaranacaq. Digər terror strukturlarına aidiyyəti olan şəxslər Türkiyənin Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdən yararlana bilməyəcəklər”.