03 mart 2026 12:30
102

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib. Pakistan tərəfi, eyni zamanda, Pakistan–Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.