05 mart 2026 14:14
125

Beynəlxalq əməkdaşlıq səhiyyədə KEYFİYYƏT VƏ STANDARTLARI TƏKMİLLƏŞDİRİR - Tamam Həsənova

Mərkəz beynəlxalq səhiyyə və əczaçılıq sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığı sistemli və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir. Bu əməkdaşlıq yalnız təcrübə mübadiləsi deyil, həm də normativ-hüquqi bazanın təkmilləşdirilməsi və keyfiyyət idarəetmə mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “İki sahil”in suallarını cavablandırarkən söyləyib. 

T. Həsənovanın sözlərinə görə, Mərkəz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir, məlumat mübadiləsi aparır və əməkdaşlarının beynəlxalq təlim proqramlarında iştirakını təmin edir. Eyni zamanda, Əczaçılıq üzrə Əməkdaşlıq Sxemi (PIC/S) çərçivəsində fəaliyyət barədə mütəmadi hesabatlar təqdim olunur.

Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq zamanı fəaliyyət ISO 9001 keyfiyyət idarəetmə sistemi prinsiplərinə, eləcə də uyğunluğun qiymətləndirilməsi üzrə ISO/IEC 17065 və ISO/IEC 17020 standartlarına uyğun təşkil edilir. Bundan əlavə, Etibarlı İstehsalat Təcrübəsi (GMP) və Etibarlı Klinik Təcrübə (GCP) kimi beynəlxalq qaydalar əsas götürülür. Bu əməkdaşlıq nəticəsində yerli normativ sənədlər müasir beynəlxalq tələblərə uyğunlaşdırılır və qərarvermə proseslərinin keyfiyyəti yüksəlir.

Yaqut Ağaşahqızı, “İki sahil”