04 iyul 2026 14:00
102

Uşaqlar rəqəmsal mühitin zərərlərindən qorunacaq - ŞƏRH

Bu gün artıq sirr deyil ki, uşaqlar və yeniyetmələr internet texnologiyalarından ən çox istifadə edən sosial qruplardan birinə çevrilib. Daha doğrusu, son illər uşaqların və yeniyetmələrin ən çox vaxt keçirdiyi məkanlar sosial şəbəkələrdir. Doğrudur, rəqəmsal platformalar uşaqlar üçün həm öyrənmə, həm də müəyyən inkişaf imkanları yaradır. Amma unutmayaq ki, rəqəmsal texnologiyalar uşaqlar və yeniyetmələr üçün yeni imkanlar formalaşdırsa da, onların təhlükəsizliyi baxımından yeni risklər də ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda və yeniyetmələrdə narahatlıq, depressiv əlamətlər, yuxu pozuntuları, diqqət problemləri, sosial asılılıq riskini artırır. Üstəlik onlarda zorakılığa, dezinformasiya, qumar və digər zərərli vərdişlər formalaşdırır. Bütün bunlar da uşaqların davranışına, təhsil göstəricilərinə və sosial münasibətlərinə mənfi təsir göstərir. Elə bu səbəbdən əksər valideynlər bununla bağlı gileylərini bildirirlər.

Bu məsələ dövlət rəsmiləri tərəfindən də açıq şəkildə dilə gətirilir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq: “İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır”. Məhz buna görə də uşaq və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 

Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən uşaqların sosial şəbəkə təhlükəsizliyi qanunvericiliklə tənzimlənəcək. Yeni tənzimləməyə əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcəklər. 16-18 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Bununla da valideynləri narahat edən uşaqların sosial şəbəkə təhlükəsizliyi qanunvericiliklə tənzimlənəcək. 
Məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onların bu texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmaqdır. Yeri gəlmişkən qeyd edək ki, yaş məhdudiyyətləri cəmiyyət üçün yeni bir məsələ deyil. Azyaşlılara siqaret və alkoqollu içkilərin satışı qadağandır. Onların qumar oyunlarında iştirakı, pornoqrafik məzmunlara çıxışı və müəyyən növ məhsulları əldə etməsi qanunvericiliklə məhdudlaşdırılıb. Bu mənada müasir rəqəmsal dövrdə belə bir mexanizmin sosial mediada da əksini tapması təqdir edilməlidir. Şübhəsiz, bu tənzimləmə uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə töhfə verəcək. Bu mənada bu addımı dövlətin sosial siyasətinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Bu tənzimləmə valideynlər tərəfindən birmənalı qarşılanıb. Hətta onlar buna nəzarətin daha ciddi olmasını bildirirlər.

Bu tənzimləmə  beynəlxalq təcrübə ilə uzlaşır. Belə bir yanaşma artıq dünyanın bir çox ölkəsində tətbiq olunur və ya qanunvericilik səviyyəsində müzakirə edilir. Məsələn, Avstraliya 2025-ci ilin dekabrında, Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edib. ABŞ-ın bir sıra ştatlarında, Almaniyada, Norveçdə,  Türkiyədə, Kanadada, Hindistanda, Malayziyada, İndoneziyada və digər ölkələrdə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsləri həyata keçirilir. Qazaxıstan və Özbəkistanda da analoji qanun layihələri müzakirə olunur.

Qvami Məhəbbətoğlu, “İki sahil”