06 mart 2026 00:15
130

Saçlarınız tökülürsə…

“Boxça” üsulu ilə təbii saç baxımı

Saç tökülməsi və saçın parlaqlığını itirməsi bir çox insanların qarşılaşdığı problemlərdən biridir. Son dövrlərdə isə kimyəvi tərkibli məhsullardan uzaq durmaq istəyənlər arasında təbii üsullara maraq daha da artıb. Ev şəraitində hazırlanan bəzi bitki qarışımları saç qulluğunda alternativ üsul kimi təqdim olunur. Onlardan biri də zəncəfil, soğan və qərənfilin küncüt yağı ilə birlikdə istifadə edildiyi və “boxça üsulu” adlandırılan təbii qarışım hesab edilir.

Mütəxəssislərin fikrincə, bu qarışımın əsas məqsədi baş dərisində qan dövranını aktivləşdirmək və saç köklərinin qidalanmasına dəstək olmaqdır. Bununla yanaşı, hər bir təbii vasitədə olduğu kimi, istifadə zamanı ehtiyatlı davranmaq və mümkün allergik reaksiyaları nəzərə almaq vacib sayılır.

Bu üsulun əsas prinsipi bitki komponentlərinin tərkibindəki faydalı maddələrin yağa keçməsinə əsaslanır. Hazırlanma mərhələsində əzilmiş təzə zəncəfil, suyu çıxana qədər döyülmüş soğan və bir neçə ədəd qərənfil nazik tənzif parçasının içinə qoyularaq kiçik bir boxça halına gətirilir.

Hazırlanan bu bitki boxçası küncüt yağı ilə doldurulmuş şüşə qabın içinə yerləşdirilir və təxminən 12 saat saxlanılır. Bu müddət ərzində bitkilərdəki bəzi vitamin və mineral maddələrin yağa keçdiyi bildirilir.

Alınan yağ qarışımı adətən həftədə iki dəfə saç yuyulmazdan əvvəl baş dərisinə masaj edilərək tətbiq olunur. Bu üsulun baş dərisində qan dövranını stimullaşdırdığı və saç köklərinin qidalanmasına kömək etdiyi qeyd olunur.

Qarışımın tərkibindəki bitkilərin hər biri saçın sağlamlığı üçün fərqli rol oynaya bilər.

Zəncəfil baş dərisində qan dövranını aktivləşdirdiyi düşünülən bitkilərdən biridir və tətbiqi zamanı yüngül istilik hissi yarada bilər. Soğan isə tərkibindəki kükürd birləşmələri sayəsində saçın əsas struktur komponentlərindən olan keratin istehsalını dəstəkləyən maddələrlə tanınır. Qərənfil antimikrob xüsusiyyətləri ilə baş dərisini xarici təsirlərdən qorumağa kömək edir. Küncüt yağı isə E vitamini ilə zəngin olduğuna görə saç telinin nəmlənməsinə və qoruyucu qatın formalaşmasına dəstək verir. Bununla yanaşı, mütəxəssislər belə təbii qarışıqların hər kəs üçün uyğun olmaya biləcəyini vurğulayırlar. Zəncəfil və qərənfil kimi kəskin təsirli bitkilər həssas dəridə qıcıqlanma yarada bilər.

Xüsusilə ekzema, allergiya və ya həssas dəri problemi olan şəxslərə bu qarışımı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Bundan əlavə, yağ qarışımının saç dərisində çox uzun müddət saxlanılması məsamələrin tıxanmasına və dermotoloji problemlərinə səbəb ola bilər.

Bu səbəbdən təbii vasitələrdən istifadə edərkən həm mütəmadi tətbiqə, həm də tətbiqdən sonra saçın düzgün şəkildə yuyulmasına diqqət yetirmək vacib hesab olunur.

Qeyd etmək lazımdır ki, hər hansı yan təsir və ya allergik riskin qarşısını almaq üçün bu cür vasitələrdən istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almaq tövsiyə olunur.

Şahnigar Əhmədova, “İki sahil”