06 mart 2026 10:27
278

Naxçıvana dron hücumu Azərbaycanın suverenliyinə qarşı açıq təcavüzdür

5 mart tarixində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücum regionda təhlükəsizlik və sabitliyə yönəlmiş ən ciddi təhdidlərdən biri kimi qiymətləndirilməlidir. Baş vermiş hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təhlükəli addım deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsidir. Mülki və strateji obyektlərin hədəfə alınması isə bu hadisənin mahiyyət etibarilə terror xarakteri daşıdığını açıq şəkildə ortaya qoyur. Rəsmi məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasına İran İslam respublikasının ərazisindən mülkü infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Nəticədə Naxçıvan Beynəlxalq hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində mülki infrastruktura ziyan dəymiş, dinc sakinlər xəsarət almışdır. Bu fakt bir daha sübut edir ki, hücum hərbi obyektləri deyil, mülki obyektləri hədəfə alan təhlükəli təxribatdır.

Belə addımlar beynəlxalq humanitar hüququn norma və prinsiplərinə də açıq şəkildə ziddir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi baş vermiş hadisəni qətiyyətlə pisləyərək bunun ölkəmizin suverenliyinə qarşı yönəlmiş açıq təxribat olduğunu bəyan etmişdir. Eyni zamanda vurğulanmışdır ki, Azərbaycan dövləti bu məsələni beynəlxalq hüquq müstəvisində qaldırmaq və hadisəyə adekvat siyasi-hüquqi qiymətin verilməsi istiqamətində bütün zəruri addımları atacaqdır. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirilmişdir. Dövlət başçısı iclasda çıxış edərək Naxçıvan Muxtar Respublikasına qarşı edilən hücumu Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirmişdir. Cənab Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır:

“Bu gün Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu cür addımlar qəbuledilməzdir və buna adekvat cavab veriləcəkdir.”

Dövlət başçısı eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası regionda sülhün və sabitliyin tərəfdarı olan ölkə kimi hər zaman məsuliyyətli siyasət yürüdüb. Lakin ölkəmizin suverenliyinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı zəruri tədbirlərin görülməsi dövlətimizin qanuni haqqıdır. Cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Silahlı Qüvvələrə və müvafiq dövlət qurumlarına vəziyyətin operativ qiymətləndirilməsi və ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu isə bir daha göstərir ki, Azərbaycan dövləti yaranmış vəziyyətə soyuqqanlı, lakin qətiyyətli yanaşır və milli təhlükəsizliyin təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Xüsusilə diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövləti hər zaman qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və diplomatik etikaya əsaslanan siyasət yürütmüşdür. Bu yaxınlarda İran İslam Respublikasında baş vermiş itki ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə fəaliyyət göstərən İran səfirliyinə gedilərək başsağlığı verilməsi də məhz bu humanist və diplomatik ənənələrin davamı idi. Bu addım Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə etik dəyərlərə və qarşılıqlı hörmət prinsipinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Lakin belə bir humanist jestdən qısa müddət sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilməsi ciddi siyasi və mənəvi suallar doğurur. Bu hadisə dövlətlərarası münasibətlərdə etimadın nə qədər həssas olduğunu və bəzi hallarda bu etimadın kobud şəkildə pozula bildiyini göstərir. Beynəlxalq hüququn fundamental prinsiplərindən biri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, hər hansı dövlətin digər dövlətin ərazisinə qarşı güc tətbiq etməsi və ya güc tətbiqi ilə hədələməsi beynəlxalq hüququn ciddi şəkildə pozulması hesab olunur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu təkcə Azərbaycana qarşı yönəlmiş addım deyil, həm də beynəlxalq hüquq sisteminə qarşı təhlükəli presedent kimi qiymətləndirilməlidir. Regionda baş verən bu cür hadisələr Cənubi Qafqazda təhlükəsizlik mühitinə də ciddi təsir göstərir. Bu gün Cənubi Qafqaz regionu yeni siyasi və geosiyasi reallıqlar mərhələsindədir. Region ölkələri arasında əməkdaşlıq və sabitliyin möhkəmləndirilməsi istiqamətində müəyyən addımlar atıldığı bir dövrdə belə təxribat xarakterli hadisələrin baş verməsi regionda sülh və təhlükəsizlik perspektivlərinə zərbə vurur. Azərbaycan Respublikası isə hər zaman regional əməkdaşlıq və sabitliyin tərəfdarı kimi çıxış edib. Ölkəmiz regionda qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına, iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verib. Bu baxımdan Azərbaycanın regionda sabitliyin qorunmasına yönəlmiş siyasəti beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addım qəbuledilməzdir. Azərbaycan dövləti heç vaxt təxribatların tərəfdarı olmayıb və olmayacaq. Bununla yanaşı, ölkəmiz öz milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən bu hücum bir daha göstərir ki, regionda davamlı sülh və sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edildiyi halda mümkündür. Dövlətlərarası münasibətlərdə güc tətbiqi və təxribat xarakterli addımlar isə yalnız gərginliyi artırır və əməkdaşlıq perspektivlərini zəiflədir. Bu gün Azərbaycan dövləti öz müstəqil siyasəti, güclü dövlətçilik ənənələri və milli birliyi sayəsində regionun ən mühüm siyasi aktorlarından birinə çevrilmişdir. Azərbaycan xalqı isə tarix boyu olduğu kimi bu gün də dövlətinin ətrafında sıx birləşərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir.

Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən bu hücum Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Əksinə, bu cür hadisələr Azərbaycan xalqının birliyini və dövlətçiliyinə sadiqliyini daha da möhkəmləndirir. Azərbaycan dövləti bundan sonra da beynəlxalq hüquqa əsaslanaraq öz milli maraqlarını qətiyyətlə müdafiə edəcək və ölkəmizin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Çünki Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi heç bir halda müzakirə mövzusu ola bilməz.

Vüsal Məmmədzadə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı