06 mart 2026 12:59
269

Bəxtiyar Məmmədov: Xarici tərəfdaşlarla təcrübə mübadiləsi STRATEJİ PRİORİTETDİR

“DOST Çağrı Mərkəzi 142”nin beynəlxalq əməkdaşlıq istiqaməti 2025-2030-cu illəri əhatə edən strateji plana əsasən prioritetlərdən biridir. Məqsəd, tərəfdaşlıq əlaqələrini genişləndirmək, qabaqcıl təcrübələri öyrənmək və sosial xidmətlər sahəsində beynəlxalq standartlara uyğunluğu təmin etməkdir. Bu çərçivədə xarici ölkələrin analoji çağrı mərkəzləri ilə əməkdaşlıq layihələri və benchmarking təşəbbüslərində fəal iştirak nəzərdə tutulur.

Bu fikirləri “DOST Çağrı Mərkəzi 142”nin direktoru Bəxtiyar Məmmədov “İki sahil”ə müsahibəsində vurğulayıb.

Bəxtiyar Məmmədovun sözlərinə görə, beynəlxalq sertifikatların alınması, mükafat proqramlarında iştirak və müraciət prosedurlarının təkmilləşdirilməsi də əsas hədəflər sırasındadır. 2025-ci ildə Portuqaliyanın İnformatika İnstitutu ilə onlayn görüş keçirilmiş, Çağrı Mərkəzinin fəaliyyəti təqdim olunmuş və süni intellekt həllərinin tətbiqi imkanları müzakirə edilmişdir. Eyni zamanda, Sinqapurun Mərkəzi Təminat Fondu və Mərakeşin Əmanət və İdarəetmə Fondu ilə onlayn görüşlər təşkil olunaraq, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi aparılmışdır.

B.Məmmədov bildirib ki, xarici tərəfdaşlarla birgə təlimlər, seminarlar və layihələrdə iştirak, institusional təcrübə mübadiləsinin təşkili, həmçinin çağrı mərkəzinin beynəlxalq platformalarda və media kanallarında daha geniş təmsil olunması xidmət keyfiyyətinin yüksəldilməsinə və innovativ idarəetmə modelinin gücləndirilməsinə xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”