10 mart 2026 14:21
96

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

Azərbaycanda son günlər qeyri-sabit hava şəraiti, havanın temperaturunun tez-tez artıb-azalması, bəzi ərazilərdə qar yağması və şaxtaların müşahidə olunması kənd təsərrüfatına da təsirini göstərib.

“İki sahil” xəbər verir ki, nəticədə təsərrüfatını sığortalamış fırmerlər tərəfindən aqrar sığorta fonduna müraciətlərin intensivliyi artıb. Belə ki, son bir həftə ərzində Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağması, Xaçmazda şaftalı-nektarin bağlarını şaxta vurması barədə müraciətlər qeydə alınıb. Bundan başqa, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa hadisələri barədə müraciətlər daxil olub. Samuxda ərik bağlarında qasırğa hadisəsinin baş verməsi ilə bağlı da fermer müraciətləri qeydə alınıb. Paralel olaraq bəzi rayonlarda 3-cü şəxsin hərəkətləri nəticəsində təsərrüfatlara zərər də baş verib. Kürdəmirdə 3-cü şəxsin hərəkəti nəticəsində əkin sahəsinin su basması, Göygöldə isə əkin sahəsinə mal-qaranın buraxılması kimi hallar qeydə alınıb. Biləsuvar rayonunda isə arpa sahəsinə vəhşi heyvanların (quşların) zərər vurması barədə aid müraciətlər daxil olub.

Qeyd edək ki, sadalanan hadisələr Aqrar Sığorta Fondunun sığorta zərfinə daxildir. Belə ki, qanunvericiliyə əsasən aqrar sığotrta mexanizmi əkin sahələrini təbiət hadisələri - dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, vəhşi heyvanlarını hücumu, 3-cü şəxslərin hərəkətləri, yanğın, torpaq sürüşməsi və sair hallardan sığorta edir. Fonda daxil bütün müraciətlər qeydə alınıb və onların araşdırılaraq dəymiş zərərlərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilib.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni dövlət ödəyir. Yəni əkin sahəsi və heyvandarlıq təsərrüfatının sığortalanması zamanı hesabanmış sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə öz təsərrüfatlarını sığorta edə bilirlər.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini zərərlə üzləşməmək üçün öz əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamağa çağırır. Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb. Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.