11 mart 2026 19:39
148

Son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql etmişik

Azərbaycan bu göstərici ilə Avropa İttifaqı ölkələrinin təchizatında ilk beşlikdədir

Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə böyük töhfələr verən Cənub Qaz Dəhlizi  bu gün də önəmli missiyası ilə diqqət mərkəzindədir. Uzunluğu 3500 kilometr olan boru kəmərinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. «Şahdəniz» qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Layihənin ümumi dəyəri isə 33 milyard ABŞ dollarıdır. XXI əsrin qloabal  enerji dəhlizinin açılışı 2018-ci il mayın 29-da Bakıda baş tutub. Azərbaycan qazının Avropaya ixracına isə 2020-ci il dekabrın 31-də başlanıb.

Xatırladaq ki, Azərbaycan qazını Avropa qitəsinə çatdıran bu nəhəng ixrac marşrutunun icrasını, işini və genişləndirilməsini koordinasiya etmək məqsədilə 2015-ci ilin fevralında Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb. İlk iclası həmin il fevralın 12-də Bakıda keçirilən Şura o vaxtdan etibarən layihənin inkişafı, genişləndirilməsi və regional enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün əsas platforma kimi fəaliyyət göstərir. 2026-cı ilin martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları da müzakirə olunan məsələlər, ətraflı fikir mübadiləsi baxımından əlamətdar olub.

Məlumdur ki, Azərbaycan qaz ehtiyatları ilə olduqca zəngin ölkədir. Elə özünün enerji təhlükəsizliyini bu zənginlik hesabına təmin etmək istəyən dövlətlərin də sayı kifayət qədərdir. Avropanın dərinliklərinə daha çox qaz nəql etmək üçün isə Cənub Qaz Dəhlizinin gücünü 2 dəfə artırmaq tələb olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında çıxışı zamanı ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Dövlət başçısı deyib: «Artıq Avropanın daha iki ölkəsinə–Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.»

Xüsusi qeyd edilməlidir ki, «Fitch ratings» beynəlxalq reytinq agentliyi korporativ reytinq meyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrikanın inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən 8 infrastruktur şirkətinin reytinqini təsdiqləyib. Dünyanın qlobal infrastruktur şirkətlərinin siyahısında «Cənub Qaz Dəhlizi» QSC də rentabellik, maliyyə sektoru və maliyyə çevikliyinə görə önəmli mövqedə göstərilib.

Layihənin daha bir komponenti olan Trans-Anadolu Qaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan sərhədindən Türkiyə ərazisi boyunca Yunanıstan sərhədinədək nəql edir. Bu kəmər Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Avropaya qaz ötürülməsi üçün əsas tranzit xətt rolunu oynayır. TANAP-ın ilkin ötürmə gücü 16 milyard kubmetr olub. 2026-cı il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində «Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi» mövzusunda keçirilən dəyirmi masada Prezident İlham Əliyev gələcəkdə TANAP-ın illik həcminin 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu bildirib.

Rəsmi statistik göstəricilər enerji sektorunda müşahidə olunan artım dinamikasını aydın şəkildə nümayiş etdirir. 2017-ci ildə ölkədə təbii qaz hasilatı 28,6 milyard kubmetr təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 51,5 milyard kubmetrə yüksəlib. Həmin dövrdə qaz ixracı 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər yüksəlib. Bu artımın əsas səbəbi Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, infrastrukturun gücləndirilməsi və uzunmüddətli müqavilələrin imzalanmasıdır.

Rəqəmlərdən aydın olur ki, Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql etməklə Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Bu fakt ölkənin Avropanın enerji təhlükəsizliyində sistemli və artan rolunu bir daha təsdiq edir.

Elçin Zaman, «İki sahil»