12 mart 2026 01:12
152

Başınız ağrıyır? - Səbəbi artıq çəki ola bilər

Baş ağrısının səbəbinin artıq çəki ola biləcəyi çox insanın ağlına gəlməz. Halbuki mütəxəssislər bildirirlər ki, artıq çəki yalnız estetik görünüş məsələsi deyil, həm də beyin fəaliyyəti, hormon balansı və ağrı mexanizmlərinə təsir edən ciddi sağlamlıq problemidir. Bu səbəbdən sağlam şəkildə çəki azaltmaq təkcə bədən çəkisini deyil, ağrının gündəlik həyata təsirini də azalda bilər.

Ümumi cərrahiyyə üzrə türkiyəli mütəxəssis Vahid Mutlu bildirib ki, piylənmə cərrahiyyəsindən sonra bir çox xəstədə təkcə çəki azalması deyil, həm də baş ağrısı və miqren tutmalarında nəzərəçarpacaq yaxşılaşma müşahidə olunur. Onun sözlərinə görə, belə əməliyyatlardan sonra hormon balansı tənzimlənir, hərəkət qabiliyyəti artır və enerji səviyyəsi yüksəlir. Xüsusilə miqren problemi olan xəstələrdə baş ağrılarının şiddəti azalır, tutmaların tezliyi və davametmə müddəti isə xeyli aşağı düşür.

Mütəxəssis qeyd edib ki, piylənmə yalnız artıq çəki demək deyil. Bu problem, eyni zamanda, diabet, yüksək təzyiq, oynaq ağrıları, nəfəs darlığı və psixoloji narahatlıqlar kimi bir sıra sağlamlıq problemləri ilə də əlaqəlidir.

Hazırda piylənmənin müalicəsində ən çox tətbiq olunan üsullardan biri "Sleeve gastrektomi" kimi tanınan laparoskopik “tüp mədə” əməliyyatıdır. Aparılan elmi araşdırmalar göstərib ki, bu əməliyyatdan sonra xəstələrdə əhəmiyyətli çəki itkisi baş verir, qanda şəkərin səviyyəsi və təzyiq göstəriciləri yaxşılaşır, gündəlik fiziki aktivlik artır, bel və oynaq ağrıları azalır. Bundan əlavə, insanların özünə inamı və sosial həyatı da müsbət yöndə dəyişə bilir.

Mütəxəssislərin fikrincə, artıq çəki ilə baş ağrısı arasında müəyyən əlaqə mövcuddur. Piylənmə orqanizmdə iltihabi prosesləri artıra, hormon balansını poza və beyində ağrı mexanizmlərini daha həssas hala gətirə bilər.

Araşdırmalar göstərib ki, xüsusilə gənc qadınlarda piylənmə ilə miqren arasında güclü əlaqə mövcuddur. Çəki artdıqca miqren tutmalarının tezliyi və şiddəti də arta bilər, ağrılar isə zamanla xroniki hal ala bilər.

Tədqiqatların nəticələrinə görə, piylənmə cərrahiyyəsi keçirən və miqren problemi olan xəstələrdə əməliyyatdan sonra baş ağrılarının şiddəti əhəmiyyətli dərəcədə azalır, ağrıların gündəlik həyata təsiri zəifləyir və tutmaların müddəti qısalır. Bəzi hallarda isə tutmaların sayı da azalır.

Mütəxəssislər vurğulayırlar ki, piylənmə cərrahiyyəsi möcüzəvi üsul deyil, müalicə vasitəsidir. Uğurlu nəticə əldə etmək üçün mütəmadi həkim nəzarəti, qidalanma qaydalarına əməl etmək və aktiv həyat tərzi vacib hesab olunur. Onların sözlərinə görə, hər baş ağrısı artıq çəki ilə bağlı olmaya bilər. Lakin bədən kütlə indeksi yüksək olan, xroniki və şiddətli miqrenlə yaşayan şəxslərdə çəkiyə nəzarət və lazım gəldikdə cərrahi müalicə həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

Şahnigar Əhmədova, “İki sahil”