12 mart 2026 12:12
105

XIII Qlobal Bakı Forumu dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platformadır

XIII Qlobal Bakı Forumu dərin qlobal çətinliklər dövründə düşüncə, dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platformadır.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos deyib.

O bildirib ki, bu gün son onilliklərdə görünməmiş dərəcədə qaranlıq və həssas olan beynəlxalq şəraitdə bir araya gəlmişik. Bəşəriyyət misli görünməmiş böhranlarla, iqlim dəyişikliklərinin sürətlə artan təhlükəsi, aclıq və yoxsulluğun davam etməsi və hər şeydən əvvəl artıq adi hala çevrilmiş kimi görünən müharibələrin və zorakı münaqişələrin yayılması ilə üz-üzədir. Diplomatik kanallar vasitəsilə aparılan dialoq regional gərginliyin yayılmasının qarşısını almaq və etimadı bərpa etmək üçün ən güclü vasitəmiz olaraq qalır.

“Cənubi Qafqazda son müsbət inkişaflar göstərir ki, hətta uzunmüddətli münaqişələr belə sülhə doğru irəliləyə bilər. Onilliklərlə davam edən etimadsızlıq və əzablara baxmayaraq, tərəflərin dialoqu davam etdirməsi irəliləyişin mümkün olduğunu göstərir. Beynəlxalq hüquq sülhün əsas dayağıdır. İstər sərhədlərlə, istərsə də yeni texnologiyalarla bağlı bütün qərarlar beynəlxalq hüquqa, insan hüquqlarına və səmərəli nəzarət mexanizmlərinə əsaslanmalıdır. Beynəlxalq hüquq, sadəcə, qaydalar toplusu deyil. O, insan ləyaqətinin qoruyucusu və beynəlxalq sabitliyin təməlidir”, - deyə Migel Angel Moratinos vurğulayıb.