Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklər təkcə Bakı ilə İrəvan arasında uzunmüddətli sülhə deyil, həm də Ermənistan–Türkiyə münasibətlərində müsbət irəliləyişə yol aça bilər.
“İki sahil” xəbər verir ki, bu fikir türkiyəli ekspert Hakkı Ocalın martın 16-da “Milliyet” qəzetində dərc olunan məqaləsində yer alıb.
Müəllifin fikrincə, Azərbaycan torpaqlarının işğalı dövründə ermənilər tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində minlərlə insanın həlak olması və yaralanması faktı göstərir ki, Ermənistanla münasibətlərdə son dərəcə ehtiyatla davranmaq lazımdır. “Mən hələ hər iki Qarabağ müharibəsi zamanı şəhid olmuş azərbaycanlıları yada salmıram”, – deyə o yazır. Bununla belə müəllif vurğulayır ki, son dövrdə baş verən proseslər regionda uzunmüddətli sülhə ümid yaradır və Ermənistanın iqtisadi gerilik zolağından çıxması üçün imkan açır.
Ekspert Ermənistan iqtisadiyyatında təbii resursların çatışmazlığı, nəqliyyat infrastrukturunun zəifliyi və xarici investisiyaların aşağı səviyyədə olması kimi problemlərə diqqət çəkib.
H.Ocalın fikrincə, regionda münasibətlərin yaxşılaşması Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə də imkan verəcək ki, bu da Türkiyənin Azərbaycanla birbaşa əlaqə qurmasını təmin edəcək, Ermənistan üçün isə yeni və investisiyalarla zəngin bazarlara çıxış imkanı yaradacaq.
“Bu gün Ermənistanın gələcəyi ölkənin yeni əsas qanununun qəbul olunub-olunmamasından asılıdır. Həmin sənəd sülh yolu ilə inkişaf çərçivəsini müəyyənləşdirməli, revanşizmdən və ərazi iddialarından imtina etməyi nəzərdə tutmalıdır. Yalnız bu halda ötən ilin avqustunda Ağ Evdə ratifikasiya olunmuş sülh sazişinin həyata keçirilməsi mümkün olacaq. Azərbaycan nümayəndələri və şəxsən Prezident İlham Əliyev sülh danışıqlarının hər mərhələsində bunu açıq şəkildə bəyan edirlər. Görək, erməni seçiciləri bu “qapı”nı açmağa kömək edəcəklərmi?”, – deyə məqalə müəllifi qeyd edir.