17 mart 2026 11:39
115

BMT-nin İnsan Hüquqları Şurası İran ətrafında yaranan vəziyyəti müzakirə edib

Yaxın Şərq böhranı üçüncü həftəsinə qədəm qoyur, regionun müxtəlif yerlərində döyüşlər davam edir və humanitar ehtiyaclar artır. Bu fonda bazar ertəsi günü Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında İran ətrafındakı vəziyyətlə bağlı interaktiv dialoq keçirilib.

“İki sahil” xəbər verir ki, Müstəqil Beynəlxalq Fakt Araşdırma Missiyası və İranda insan hüquqları üzrə xüsusi məruzəçi öz hesabatlarını təqdim ediblər.

Eyni zamanda, BMT agentlikləri Livan, İran və qonşu ölkələrdə humanitar yardımı artırmağa davam edir.

İran üzrə Müstəqil Beynəlxalq İnsan Hüquqları Missiyasının sədri Sara Hüseyn münaqişənin eskalasiyanın ilk günündə Minabda bir məktəbə edilən hücumu xatırladıb və qeyd edib ki, nəticədə 168-dən çox insan həlak olub. Qurbanların əksəriyyəti məktəbli qızlardır, onların çoxu yeddi yaşdan kiçik olub.

“Bu kontekstdə ABŞ-nin yüksəkvəzifəli rəsmilərinin uzun müddətdir mövcud olan “qarşıdurma qaydalarının” bu münaqişədə tətbiq edilməməsi ilə bağlı açıqlamalarından xüsusilə narahatıq”, - deyə Sara Hüseyn bildirib.

O, missiyanın bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqa riayət etməsini izləməyə və pozuntulara dair dəlillər toplamağa davam etdiyini bildirib.

Bu arada, İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Mai Sato xəbərdarlıq edib ki, münaqişənin əsas yükü mülki şəxslərin üzərinə düşür. O, hərbi əməliyyatların artıq xeyli mülki şəxsin itkisinə, kütləvi köçkünlüyə və infrastrukturun dağıdılmasına səbəb olduğunu qeyd edib. Sato, həmçinin saxlanılan şəxslərin vəziyyəti, internetin bağlanması və ölkə daxilində əsas xidmətlərin pozulması ilə bağlı narahatlığını ifadə edib.

İranın Cenevrədəki BMT ofisində səfiri Əli Bəhreyni Şurada çıxış edərək bildirib ki, neft infrastrukturuna zərbələrdən sonra insanlar zəhərli maddələrlə çirklənmiş hava ilə nəfəs almağa məcbur olurlar. O, həmçinin ayrı-seçkilik edilmədən ölkənin mədəni irsinə edilən qanunsuz hücumları pisləyib.

Diplomatın sözlərinə görə, müharibənin ilk on günündə təxminən 14.000 mülki obyektə ziyan dəyib. Münaqişə nəticəsində altıaylıq uşaq da daxil olmaqla 1300-dən çox insan həlak olub, təqribən 7000 nəfər yaralanıb. “Beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır”, - deyə o vurğulayıb.

Körfəz Əməkdaşlıq Şurası ölkələri və İordaniya adından çıxış edən Bəhreynin səfiri Abdullah Əbdüllətif Abdullah İranın insan həyatını, eləcə də regionun təhlükəsizliyini və sabitliyini təhlükəyə atan hücumlarını pisləyib. O, həmçinin xatırladıb ki, Körfəz ölkələri İranın qonşu dövlətlərə qarşı hücumlarını pisləyən Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin qəbul edilməsini alqışlayır.

Diplomat bildirib: “Ölkələrimiz bu hücumları qisas xarakterli kimi xarakterizə edən xüsusi məruzəçinin və Fakt Araşdırma Missiyasının hesabatlarını rədd edir. Bu cür hücumlar üçün heç bir hüquqi əsas yoxdur və beynəlxalq hüquq onlara bəraət qazandıra bilməz”.