Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir. “İki sahil” xəbər verir ki, tədbirlər çərçivəsində işğaldan azad edilmiş Xocavənd və Xankəndi şəhər ətrafı ərazilərdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya aparılıb. Əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılamasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zəncirinin qırılmasıdır. Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvan yem kapsulunu qəbul etdikdə peyvənd ağız boşluğu və həzm sistemi vasitəsilə orqanizmə daxil olur və sonra təxminən 25–30 gün ərzində quduzluğa qarşı immunitet formalaşır və bu immunitet təxminən 12 ay müddətində qorunur. Peyvənd yemləri ərazi üzrə bərabər şəkildə yerləşdirilir və epizootoloji vəziyyətdən asılı olaraq hər 1 km² əraziyə orta hesabla 15–20 ədəd yem kapsulu düşəcək şəkildə paylanır.
Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.
Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur.
Peyvəndinin tətbiqi vəhşi heyvan populyasiyasında quduzluq virusunun dövranını azaltmaq, sahibsiz itlər və digər heyvanlar vasitəsilə xəstəliyin yayılmasının qarşısını almaq və nəticədə insan sağlamlığının qorunmasını təmin etmək üçün mühüm profilaktik tədbirdir.
Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verildi
İKTA internet provayderlərinin fevral üzrə internet sürət göstəricilərini dərc edib