Son vaxtlar ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş"in birdəfəlik ləğvi isə bu əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb ola bilər.
Qeyd edək ki, “Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi” adlı qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən 2025-ci il dekabrın 9-da ABŞ Konqresinə təqdim edilib. Qanun layihəsinə əsasən, “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır. Bu günlərdə isə ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif də əlavə olunub. Bu həmmüəllif Abraham Hamade Nümayəndələr Palatasının Çikaqo üzrə üzvüdür və Respublikaçılar Partiyasını təmsil edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə bildirdi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya işğalçı ölkəyə "blokada" tətbiq etməsini (Əslində blokadaya düşən Naxçıvan idi) “əsas” göstərərək bu qanunu qəbul etmişdir: “Özü də Azərbaycan xalqına qarşı amansız Xocalı soyqırımının törədilməsindən 2 gün öncə, 24 fevral 1992-ci ildə... Halbuki bu düzəlişi hazırlayan şəxslər bölgəyə səfər etmədən, nə baş verdiyini aydınlaşdırmadan erməni diasporunun təsiri altında qərar qəbul etmişdilər. Onu da qeyd edim ki, bu günədək ABŞ Konqresində təmsil olunan demokratlar Azərbaycan əleyhinə yüzlərlə qanun layihəsi və qətnamənin sponsoru olublar. Bu prosesdə xüsusi aktiv olan şəxs isə o dövrdə senator, sonra vitse-prezident, daha sonra prezident olan Co Bayden idi”.
Müsahibimizin sözlərinə görə, 11 sentyabr 2001-ci il hadisələri ilə əlaqədar ABŞ-ın Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə bu düzəliş müvəqqəti olaraq dayandırılıb: “Amma Əfqanıstan əməliyyatları başa çatandan sonra ABŞ-ın ovaxtkı administrasiyası nankorcasına 907 saylı düzəlişi yenidən canlandırıb və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb”.
Pərvanə Vəliyev daha sonra bildirdi ki, 8 avqust 2025-ci ildə Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətləri yeni səviyyəyə yüksəlib: “Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını müvəqqəti dayandıran sənəd də imzalanıb.
907-ci düzəlişin ləğvi ilə əlaqədar qanun layihəsi Floarida ştatından olan respublikaçı Anna Paulina Luna tərəfindən hazırlanaraq 9 dekabr 2025-ci il tarixində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim olunub, lakin hələ plenar müzakirəyə çıxarılmayıb. Yeri gəlmişkən, bu günlərdə ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif də əlavə olunub. Qanuna Komitədə baxılmalı, daha sonra Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Amma bu proses uzun çəkir. Onu da qeyd edim ki, bu günədək 907-nin ləğvi ilə bağlı belə qanun layihəsi ilk dəfədir ki, təqdim olunub. Şübhəsiz, bu, Prezident İlham Əliyevin ABŞ ilə uğurlu diplomatiyasının nəticəsidir. Yeri gəlmişkən, qanunun təqdim olunduğu Nümayəndələr Palatasının sədri, respublikaçı Brian Mastdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Milli Məclis üzvləri bu şəxslə ABŞ-a səfər zamanı görüşüb və müzakirə aparıblar. Xatırladaq ki, həmin Komitədə 28 respublikaçı, 23 demokrat var. Lakin Komitədəki demokratlar arasında Azərbaycan əleyhinə layihələrin həmmüəllifləri və müəllifləri olan Bred Şerman, Cim Kosta, Dina Titus, Coaqin Castro, Ted Lieu və s. kimi şəxslər də var. Aydındır ki, onlar layihənin lehinə səs verməyəcək, hətta əngəlləmək üçün dəridən-qabıqdan çıxacaqlar.
Hazırda Senatda 53 respublikaçı və 45 demokrat, 2 nəfər də müstəqil senator var ki, onlar da demokratlarla koalisiyaya daxildir. Respublikaçılar üstünlük təşkil etdiyi üçün Senatın prezidenti respublikaçı həm də, vitse-prezident Vensdir. Senatda Azərbaycana dost şəxsin olması 907 ilə bağlı irəliləyişlərin olmasına dəstəkdir. Lakin bununla belə, ABŞ qanunverici orqanının qərar qəbulu olduqca qarışıqdır və müxtəlif maraq qrupları bu məsələyə daim əngəl törədir. Konqresdən keçən qanun və proqramların dayandırılması olduqca çətindir. Konqresin səsverməsindən keçən sənədlər isə daha rezistentdir, çünki güclü lobbi qruplarının maraqları qərarların ləğvinə mane olur”.
Müsahibimiz, həmçinin vurğuladı ki, 907-nin taleyi ABŞ-da bu il noyabrın 26-da təyin edilmiş aralıq seçkilərlə də bağlıdır: "Bu, prezidentin dördillik səlahiyyət müddətinin ortasında keçirilən federal seçkilərdir. Aralıq seçkilərdə seçicilər Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, ABŞ Senatının təxminən üçdəbiri üçün səs verir. Bu seçkilər Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edir. Bizim üçün vacib olan respublikaçıların mütləq əksəriyyətinin hər iki palatada üstünlük təşkil etməsidir. Əgər noyabrın 26-dək 907-ci düzəliş ləğv olunmasa, aralıq seçkilərini gözləməli olacağıq".
Milli Məclisin deputatı bildirdi ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində 907 saylı düzəlişin icrası Prezident Tramp tərəfindən dayandırılsa da, xalqımız bunun tam ləğvini gözləyir: “Ölkəmiz bu günədək ən çətin missiya və məqsədlərin öhdəsindən layiqincə gəlib, inanırıq ki, Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaqdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”