Almaniyanın Raynland-Pfalts əyalətində keçirilən parlament seçkilərində gözlənilməz nəticə qeydə alınıb.
“İki sahil” xəbər verir ki, son 35 ildə bu əyalətdə birinci olan Sosial Demokratlar Partiyası (SPD) səsverməni ikinci sırada başa vurub. Yerli vaxtla saat 20:11-ə olan nəticələrə əsasən, SPD-yə seçicilərin 25,8 faizi səs verib. Almaniya Kansleri Fridrix Mertsin liderlik etdiyi Xristian Demokratlar İttifaqı (CDU) 30,7 faiz səslə seçkilərin qalibi olub. Almaniya üçün Alternativ Partiyası (AfD) 19,9, Yaşıllar Partiyası 7,9 faiz səs toplayıb.
Almaniyanın Fransa, Belçika və Lüksemburq ilə sərhədində yerləşən bu əyalətdə 35 ildir SPD əsas partiya mövqeyində idi. Beş il əvvəl keçirilən seçkilərdə SPD 35,7, CDU 27,7, Yaşıllar 9,3, AfD 8,3, FDP 5,5 faiz səs toplamışdı. Hazırda əyalətdə SPD, Yaşıllar və Azad Demokratlar Partiyasından (FDP) ibarət koalisiya hakimiyyətdədir.
Xatırladaq ki, martın 8-də Baden-Vürttemberq əyalətində keçirilən seçkilərdə Yaşıllar partiyası CDU-ya qalib gələrək birinci partiya olmuşdu. Bu il Almaniyada daha üç əyalətdə parlament seçkiləri keçiriləcək. Sentyabrda Berlin, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhalt əyalətlərində seçkilər təşkil olunacaq.