Mütəxəssislər ürək riskləri barədə xəbərdarlıq edirlər
Gündəlik həyatda baş, əzələ ağrıları və ya hərarət kimi narahatlıqları aradan qaldırmaq üçün geniş istifadə olunan ağrıkəsicilər, düşündüyümüz qədər zərərsiz olmaya bilər. Mütəxəssislər bildirirlər ki, bu dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsi ciddi ürək-damar problemlərinə səbəb ola bilər.
Türkiyəli kardioloq Erhan Yazıcı qeyd edib ki, cəmiyyətdə reseptsiz dərman istifadəsinin geniş yayılması insanların həkim məsləhəti olmadan ağrıkəsicilərə müraciət etməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bu yanaşma bir çox hallarda fərqində olmadan ürək sağlamlığını risk altına salır.
Ürək tutması və təzyiq riskini artırır
Mütəxəssis xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlar (NSAİİ) qrupuna aid ağrıkəsicilərin qan təzyiqinin yüksəlməsinə, damar strukturunun zədələnməsinə və qanın laxtalanma riskinin artmasına səbəb ola biləcəyini bildirib. Bu hallar isə ürək tutması və insult kimi ağır nəticələrə yol aça bilər.
Risk qrupları daha diqqətli olmalıdır
Həkim vurğulayıb ki, ürək xəstəliyi olan şəxslər, hipertoniya xəstələri və yaşlı insanlar ağrıkəsicilərdən istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bu kateqoriyaya aid şəxslər dərmanları yalnız həkim nəzarəti ilə qəbul etməlidirlər.
Digər orqanlara da təsir edir
Uzun müddət ağrıkəsici istifadəsi təkcə ürək-damar sistemi ilə məhdudlaşmır. Mütəxəssislər bildirirlər ki, bu dərmanlar böyrəyin funksiyalarında pozulma, orqanizmdə maye toplanması və bunun nəticəsində ürəyə düşən yükün artması kimi problemlərə də səbəb ola bilər.
Həkimlə məsləhətləşmədən istifadə etməyin
Erhan Yazıcı vətəndaşlara çağırış edərək bildirib ki, ağrıkəsicilər də daxil olmaqla heç bir dərman həkim tövsiyəsi olmadan istifadə edilməməlidir. Xüsusilə xroniki xəstəliyi olan şəxslər qəbul etdikləri digər dərmanlarla qarşılıqlı təsirləri nəzərə alaraq mütləq mütəxəssisə müraciət etməlidirlər.
Şahnigar Əhmədova, “İki sahil”