01 iyul 2026 18:36
118

Düşmən yalı ilə bəslənənləri tarix lənətlə xatırlayacaq

Anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən, bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan, xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətimizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan “siyasi mühacir” kod adlı antimilli ünsürlər- Tural Sadqlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi xəyanətkarlar erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşərək onların təlimat və tapşırıqlarını yerinə yetirirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan bu ünsürlərin sosial şəbəkələrdəki antimilli çıxışları bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə məlum antimilli ünsürlərdən ustalıqla istifadə edirlər.

Azərbaycanın yürütdüyü müstəqil siyasəti həzm edə bilməyən bu qüvvələrin əlində alətə çevrilən həmin “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyasında erməni izi açıq-aşkar görünür. Artıq bəlli olub ki, ermənilər Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar ötürür, həmin “müstəqil bloqgerlər”in ofis, ev xərclərini ödəyir, onlara hər cür şərait yaradırlar.  Bütün bunların müqabilində bu zombiləşmiş qaragüruhçular xarici fondlardan aldıqları qrantların müqabilində sosial şəbəkə seqmentlərindəki çıxışlarında ermənipərəst və anti-Azərbaycan fikirləri və mövqeyi ilə tanınan bəzi əcnəbi ekspertlərin, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını əxlaqsıcasına nümayiş etdirməkdən, onlara qahmar çıxmaqdan belə çəkinmirlər.

Bu antimilli ünsürlərin fəaliyyət proqramının kökündə zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə ən məkrli və avantürist metodlardan istifadə edilməsi dayanır. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında onların basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində “Demokl qılıncı” kimi asıldığı da danılmaz faktdır.

Qətiyyətlə deyə bilərik ki, siyasi mühacir adı altında xarici ölkələrdə yuva salan, təhqiri, söyüşü mübarizə metodu seçən, “böhtan at-izi qalsın” prinsipi ilə fəaliyyət göstərən çirkin xislətli, mənəviyyatsız T.Sadıqlı başda olmaqla Q.Məmmədov, M. Mirzəli, O.Temirxan, Q.Zahid, S.Osmanqızı kimilərin bu bədnam əməlləri ölkəsinə,Vətəninə, xalqına bağlı olan hər bir Azərbaycan vətəndaşını narahat edir. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri tarix heç vaxt unutmur, xalq yaddan çıxarmır və həmişə lənətlə xatırlayır.

Mayası xəyanətkarlıqdan yoğrulan bu antimilli ünsürlərə qarşı barışmaz olmaq, yorulmadan mübarizə aparmaq bizim hər birimizin vəzifə, vicdan borcu, vətəndaşlıq qayəsi olmalıdır.

Zahid Rza, “İki sahil”