01 iyul 2026 18:57
128

Parlament seçkilərindən sonrakı Ermənistan: Müxalifət nəyə ümid edir?

Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi müxalif siyasi qüvvənin iddiası ilə bağlı qərarını iyulun 4-dək açıqlayacaq. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib. Bununla da seçkinin nəticələrinə etiraz prosesinə son qoyulacaq.

Ərizə təqdim edənlər arasında rusiyalı oliqarx Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan”, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokları, eləcə də Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası da var. İddiaçılar Konstitusiya Məhkəməsindən ya seçkilərin nəticələrini ləğvini, ya da ikinci səsvermə turunun keçirilməsini tələb edirlər. Onların bu tələbləri Ermənistanda birmənalı qarşılanmayıb. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, təqdim edilən faktlarda seçkilərin etibarsız elan edilməsi üçün heç bir əsas yoxdur.

Nikol Paşinyanın rəqibləri isə Konstitusiya Məhkəməsinin qərarını səbirsizliklə gözləyirlər. Məsələn, “Güclü Ermənistan” blokunun lideri, rusiyalı oliqarx, seçicilərə pul paylayaraq onları öz tərəfinə çəkməyə çalışan Samvel Karapetyan bildirib ki, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanı vəzifəsindən kənarlaşdırmaq üçün fəaliyyət planı var: “Amma hazırda Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarını gözləyirik”. O, bildirib ki, müxalifət hakimiyyətə qarşı küçə etirazları keçirməyə hazır olsa da, hələlik Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini ləğv etməsinə ümid edir: “Konstitusiya Məhkəməsinin qərarına baxacağıq, sonra növbəti addımlarımızı planlaşdıracağıq. Təkliflərimizin qəbul edilməsi üçün kiçik şansımız varsa, niyə sonrakı addımları planlaşdırmamalıyıq? Konstitusiya Məhkəməsi ya seçkilərin nəticələrini ləğv edəcək, ya da ikinci tur təyin edəcək, ona görə də indidən yeni məsələləri müzakirə etmək istəmirik”. Şübhəsiz, bu, onun Rusiyadan aldığı yeni mesajlarla bağlıdır. Yeri gəlmişkən, qeyd edək ki, Paşinyanı Qərbin diktəsi altına düşməkdə ittiham edən Rusiya Prezidenti Vladimir Putin onun qələbəsini qəbul etməyib. Hətta Putin seçkilərdən xeyli vaxt keçməsinə baxmayaraq hələ də Paşinyana təbrik ünvanlamayıb. Rəsmi Moska Ermənistandakı seçkilərə Qərbin müdaxilə etdiyini də dəfələrlə bildirib. Şübhəsiz, bu da Ermənistanın Rusiyadan uzaqlaşması, daha doğrusu, Moskvanın bu ölkədə təsir rıçaqlarının zəifləməsi ilə bağlıdır. Bu məqamda erməni siyasi şərhçi Qaregin Miskaryanın sözlərini xatırlatmaq yerinə düşər. O bildirib ki, Ermənistan hakimiyyəti rusiyapərəst qüvvələri zəiflədəndə Moskvada narahatlıq yaranır: “Həmin qüvvələr Moskva üçün Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ən ucuz və ən əlverişli yoldur”. O, həmçinin bildirib ki, hadisələrin inkişafına uyğun olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən də çıxa bilər. Rusiya yaxşı anlayır ki, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxması İrəvanın hərəkət imkanlarını genişləndirəcək.

Xatırladaq ki, parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,7 faizini, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faizini, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 fiaizini toplayıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib. Yeri gəlmişkən, qeyd edək ki, 7 iyun seçkiləri həqiqətən də Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının güclü olduğunu bir daha nümayiş etdirdi. Hətta müxalifətin bütün gücünü ortaya qoyması da buna mane ola bilmədi. Onu da vurğulayaq ki, Nikol Paşinyan dəfələrlə Robert Koçaryan, Qaqik Sarukyan və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu da bildirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”