Ekspert: Sertifikatlaşdırma mexanizmi bu qaydaların kağız üzərində deyil, real praktikada tətbiqinə imkan yaradacaq
Son illər Azərbaycanda turizm sektorunun inkişafı artıq təsadüfi təşəbbüslər deyil, strateji yanaşma və sistemli islahatlar üzərində qurulmağa başlayıb. Xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşma və ölkənin turizm bazarında rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin davamlı inkişafını təmin edən əsas amillərdir. Məhz bu kontekstdə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartının qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu addım təkcə daxili bazarda xidmətlərin keyfiyyətinin vahid meyarlar əsasında tənzimlənməsi deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq turizm xəritəsində, xüsusilə İslam ölkələri üçün cəlbedici istiqamət kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm mərhələ kimi qiymətləndirilir.
Halal turizmdə yeni mərhələnin başlanğıcı

Mövzunun aktuallığını və qəbul edilən yeni standartın əhəmiyyətini nəzərə alaraq, məsələ ilə bağlı ekspert rəyi xüsusi maraq doğurur. Bu çərçivədə turizm eksperti Ceyhun Aşurovun fikirləri prosesin mahiyyətini və gözlənilən nəticələri daha aydın şəkildə ortaya qoyur. C. Aşurov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sözügedən dövlət standartının qəbul edilməsi bu sahədə fəaliyyət göstərən müəssisələrin, eləcə də istifadə olunan məhsulların və ümumilikdə idarəetmə proseslərinin İslami qaydalara uyğun şəkildə təşkil olunmasının mühüm göstəricisidir. Bu sənədin tətbiqi çərçivəsində sertifikatlaşdırma mexanizminin də nəzərdə tutulması gözlənilir ki, bu da standartların praktik icrasını təmin edən əsas alətlərdən biri olacaq. Qeyd edilməlidir ki, indiyədək Azərbaycanda halal konseptə uyğun fəaliyyət göstərən restoran və otellər mövcud idi. Lakin bu fəaliyyət daha çox sahibkarların şəxsi təşəbbüsü əsasında formalaşır, bazarda fərdi yanaşmalarla təqdim olunurdu. Həmin müəssisələrdə müəyyən qaydalara riayət olunsa da, vahid və rəsmi şəkildə təsdiqlənmiş standart mövcud deyildi.
Vahid standart – etimad və keyfiyyətin təminatı
Ekspert əlavə etdi ki, yeni standartın qəbul edilməsi isə bu sahədə vahid yanaşmanın formalaşmasına, bütün iştirakçılar tərəfindən qəbul olunan ümumi qaydaların tətbiqinə imkan yaradır. Bu isə öz növbəsində xidmət keyfiyyətinin artırılmasına, şəffaflığın təmin olunmasına və istehlakçı etimadının gücləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, hazırda qlobal geosiyasi proseslər, o cümlədən müharibələr səbəbindən xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında müəyyən azalma müşahidə olunur. Bununla belə, digər İslam ölkələrindən Azərbaycana gələn turist seqmenti kifayət qədər genişdir. Bu baxımdan, halal turizm standartlarının qəbul edilməsi və effektiv tətbiqi həmin turistlərin məmnunluq səviyyəsinin yüksəldilməsinə, ölkənin bu istiqamətdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Nigar Orucova, "İki sahil"