08 aprel 2026 01:42
97

Kimlər mütləq qripə qarşı peyvənd olunmalıdır?

Türkiyənin Kastamonu Universiteti Tibb fakültəsinin Yoluxucu xəstəliklər və klinik mikrobiologiya şöbəsinin müəllimi Hasan Öksüzoğlu müəyyən risk qruplarına daxil olan şəxslərə qripə qarşı peyvənd olunmağı tövsiyə edib.

Mütəxəssis bildirib ki, qrip influenza virusunun törətdiyi yoluxucu xəstəlikdir və hər il dünyada 250-300 milyon insana təsir edir. Onun sözlərinə görə, bu xəstəlik 250-500 min insanın ölümünə səbəb olur və peyvənd vasitəsilə qarşısı alına bilən xəstəliklər sırasındadır.

Öksüzoğlu qeyd edib ki, qrip əsasən damcı yolu ilə yayılır. Öskürən və ya asqıran şəxsin yaydığı virus hissəcikləri digər insanların selikli qişalarına təmas etdikdə yoluxma baş verir. Bu səbəbdən öskürərkən və asqırarkən gigiyena qaydalarına əməl etmək vacibdir. Həkim əlavə edib ki, qripin əsas əlamətləri qəfil başlayan yüksək hərarət, güclü əzələ və oynaq ağrıları, eləcə də öskürəkdir. Bu xüsusiyyətlər onu digər yüngül tənəffüs yolu infeksiyalarından fərqləndirir.

Mütəxəssis risk qrupuna daxil olan şəxslərin xüsusilə diqqətli olmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, 50 yaşdan yuxarı şəxslər, 5 yaşdan aşağı uşaqlar, hamilə qadınlar, xroniki ürək, böyrək və qaraciyər xəstəlikləri olanlar, immun sistemi zəif şəxslər və onkoloji xəstələr mütləq peyvənd olunmalıdırlar.

Öksüzoğlu qeyd edib ki, qripdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, sağlam qidalanmaq və mövsümə uyğun geyinmək də vacibdir. O, əlavə olaraq risk qrupuna daxil olan şəxslərə peyvəndi oktyabr ayına qədər etdirməyi tövsiyə edib.

Şahnigar Əhmədova, “İki sahil”