09 aprel 2026 23:37
116

Alimlərdən geyimlərdəki zəhərli tərkiblə bağlı xəbərdarlıq

ABŞ-da aparılan yeni araşdırma uşaq geyimlərində təhlükəsizlik həddini aşan miqdarda qurğuşun aşkar olunduğunu ortaya qoyub. Alimlər bildiriblər ki, uşaqların geyimi qısa müddət çeynəmələri belə onları zərərli səviyyədə zəhərli metalın təsirinə məruz qoya bilər.

Tədqiqatlara görə, qurğuşun (II) asetat (rəngsiz və ya ağ kristal formalı, suda yaxşı həll olan, şirin dadlı, lakin yüksək dərəcədə zəhərli bir kimyəvi birləşmə) parça boyalarının daha parlaq və qalıcı olmasını təmin etmək üçün ucuz üsul kimi geniş istifadə olunur. Bu maddə təkcə fermuar (zəncirbənd), düymə və sancaq kimi metal hissələrdə deyil, bəzi hallarda birbaşa parçanın tərkibində də aşkarlanıb.

Mütəxəssislər vurğulayırlar ki, qurğuşunun istənilən səviyyədə təsiri zərərlidir. O, xüsusilə uşaqlarda davranış pozuntuları, beyin və mərkəzi sinir sisteminin zədələnməsi kimi ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir.

ABŞ İstehsalçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) uşaq məhsullarında qurğuşun üçün icazə verilən maksimum həddi 100 ppm olaraq müəyyənləşdirib. Lakin son araşdırmada yoxlanılan bütün nümunələrin bu limiti aşdığı məlum olub. Alimlər müxtəlif rənglərdə- qırmızı, sarı, narıncı, çəhrayı, mavi və boz tonlarda olan 11 köynəyi analiz ediblər. Nəticələr göstərib ki, xüsusilə qırmızı və sarı kimi parlaq rənglərdə qurğuşun səviyyəsi daha yüksəkdir.

Tədqiqatçılar uşaqların geyimləri ağızlarına aparması, çeynəməsi və ya uzun müddət toxunması hallarında qurğuşunun orqanizmə keçməsini simulyasiya ediblər. Nəticədə müəyyən edilib ki, bu cür davranışlar gündəlik icazə verilən qurğuşun qəbulu həddini aşa bilər. Mütəxəssislər qeyd edirlər ki, uşaqlar həm fizioloji baxımdan daha həssasdır, həm də geyimləri ağızlarına aparma ehtimalları daha yüksəkdir. Bu isə riski daha da artırır.

Araşdırma müəllifləri gələcəkdə daha genişmiqyaslı testlər aparmağı və yuyulmanın qurğuşun səviyyəsinə təsirini öyrənməyi planlaşdırırlar. Onlar hesab edirlər ki, yuyulma zamanı paltaryuyan maşınlarda qurğuşun qalıqları yarana bilər.

Alimlər istehlakçılara təqdim edilməzdən əvvəl geyimlərin daha ciddi yoxlanılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, qurğuşun tərkibli maddələrə alternativ olaraq bitki mənşəli boya sabitləyicilərinin istifadəsi də tövsiyə olunur.

Şahnigar Əhmədova, “İki sahil”