09 aprel 2026 22:36
111

Dövlət Məşğulluq Agentliyi mövcud proqramlarını yeniləyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Ramal Quluzadə “İki sahil” qəzetinə geniş müsahibə verib. O, Agentliyin əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində gördüyü işlərdən danışıb, müvafiq statistikanı diqqətə çatdırıb.

- Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin sosial müdafiəsini təmin etmək üçün hansı əsas proqramları həyata keçirir və bu proqramlar biri-birindən nə ilə fərqlənir?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ölkəmizdə məşğulluq siyasətinin həyata keçirilməsində əsas icraçı qurumlardan biridir. Agentlik işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların əmək bazarına inteqrasiyası və dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşların kiçik təsərrüfat və ya biznes qurmasına dəstək göstərilir, əmək bazarının tələblərinə uyğun peşələr üzrə  kurslar təşkil edilir, karyera məsləhəti xidməti göstərilir, işəgötürənlərlə birbaşa əlaqələndirmə mexanizmləri tətbiq olunur. Bütün bu proqramlar biri-birini tamamlayan sistemli yanaşma əsasında qurulub və məqsəd vətəndaşların yalnız işlə təmin edilməsi deyil, həm də onların əmək bazarında dayanıqlı iştirakının təmin olunmasıdır.

Görülmüş işlərin nəticəsi olaraq təkcə 2026-cı ilin 3 ayı ərzində:

•        36 349 nəfər münasib işlə təmin edilib;

•        3574 nəfər peşə hazırlığı kurslarına cəlb olunub;

•        228 nəfər özünüməşğulluq proqramına cəlb olunub;

•        3603 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib;

•        394 nəfər əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı üzrə işə qəbul edilib;

•        514 nəfər kvota üzrə işlə təmin olunub;

•        58 501 nəfərə peşəyönümü məsləhət xidməti göstərilib;

- Hazırkı iqtisadi və sosial şəraitdə işsizliyin minimuma endirilməsi üçün DMA hansı strateji tədbirləri prioritet hesab edir?

- Hazırkı iqtisadi və sosial şəraitdə işsizliyin minimuma endirilməsi Dövlət Məşğulluq Agentliyi üçün əsas prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Agentlik kompleks və strateji tədbirlər həyata keçirir. İlk növbədə, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması prioritet olaraq müəyyən edilib. Eyni zamanda, özünüməşğulluq proqramının daha da təkmilləşdirilməsi və kvota mexanizmlərinin optimallaşdırılması diqqət mərkəzindədir.

Peşə hazırlığı və peşəyönümü xidmətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması da əsas istiqamətlərdən biridir. Bu, işaxtaranların bacarıqlarının bazarın ehtiyaclarına uyğun inkişaf etdirilməsini təmin edir. Bununla yanaşı, rəqəmsallaşmanın genişləndirilməsi, xüsusilə “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması vasitəsilə xidmətlərin daha çevik və əlçatan şəkildə təqdim olunması, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması və regionlarda, o cümlədən Böyük Qayıdış çərçivəsində yeni iş imkanlarının yaradılması da Agentliyin prioritet istiqamətlərinə daxildir.

- DMA işaxtaran şəxslərin bazar tələbinə uyğun peşə hazırlığını necə təmin edir və bunun konkret nümunələri hansılardır?

- Agentliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığının təşkilidir. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğunlaşdırılması, bununla da onların sosial müdafiəsinin gücləndirilməsi və işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə işəgötürənlərin real tələbləri nəzərə alınmaqla həyata keçirilən aktiv məşğulluq tədbiridir.

Peşə hazırlığı Agentliyin yerli qurumları və ya DOST mərkəzlərinin göndərişi əsasında həyata keçirilir. Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir. Peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır və kursların təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. Rəqəmlərə gəlincə, Agentlik tərəfindən 2026-cı ilin 3 ayı ərzində 3574 nəfər peşə hazırlığına cəlb olunub.

- Gənclərin və qadınların məşğulluğunu artırmaq üçün DMA hansı xüsusi təşəbbüsləri həyata keçir?

- Qadınların əmək bazarına çıxışı, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə Agentlik tərəfindən mütəmadi olaraq layihələr icra olunur, qadınların və gənclərin aktiv məşğulluq tədbirlərinə cəlbi həyata keçirilir. Ümumilikdə, 2026-cı ilin 3 ayı ərzində 16 076  qadın məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan:

•        13 804  nəfər münasib işlə təmin edilib;

•        2 157  nəfər peşə hazırlığı kurslarına cəlb olunub;

•        115  nəfər özünüməşğulluq proqramına cəlb olunub;

•        145 nəfər əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı üzrə işə qəbul edilib;

•        154  nəfər kvota üzrə işlə təmin olunub;

Bu dövrdə 14 947 gənc məşğulluq tədbirləri ilə əhatə olunub ki, onlardan:

•        12,990 nəfər münasib işlə təmin edilib;

•        1,920 nəfər peşə hazırlığı kurslarına cəlb olunub;

•        37 nəfər özünüməşğulluq proqramına cəlb olunub;

•        160 nəfər əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı üzrə işə qəbul edilib;

•        9 nəfər kvota üzrə işlə təmin olunub;

Gənclərin məşğulluğunun təminatına dəstək üçün Agentlik tərəfindən Bakı şəhəri və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərilir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s.  mövzular üzrə məlumatlandırılır.

Son illərdə DMA və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi də icra olunub ki, layihə  çərçivəsində barista sahəsində çalışmaq istəyən gənclər üçün səyyar kofe satışı üzrə kiçik bizneslər qurulub.

-DMA gələcək əmək bazarının tələbatını proqnozlaşdırarkən hansı faktorları nəzərə alır və bu proqnozlar işçi hazırlığı proqramlarına necə təsir göstərir?

-Dövlət Məşğulluq Agentliyi gələcək əmək bazarının tələbatını proqnozlaşdırarkən bir sıra əsas faktorları nəzərə alır. Buraya iqtisadiyyatın prioritet inkişaf istiqamətləri, xüsusilə qeyri-neft sektorunun dinamikası, texnoloji yeniliklər, rəqəmsallaşma və süni intellektin təsiri, yaşıl iqtisadiyyatın formalaşması, demoqrafik dəyişikliklər və işəgötürənlərin real bacarıqlar barədə tələbləri daxildir. Bu prosesdə ƏMAS platformasının məlumat bazası və analitik alətlərindən geniş istifadə olunur, eyni zamanda, işəgötürənlər və digər əmək bazarı iştirakçıları arasında aparılan sorğular vasitəsilə əlavə məlumatlar toplanır. Bu yanaşma proqnozların daha dəqiq və real vəziyyətə uyğun qurulmasına imkan yaradır.

Əldə olunan nəticələr əsasında peşə hazırlığı proqramlarını gələcəyin peşələrinə uyğun yeniləyir, müxtəlif qruplar üçün əlçatan və qısa, çevik təlim proqramlarını genişləndirir, rəqəmsal və yumşaq bacarıqların inkişafını prioritetləşdirir və fərdi məşğulluq planları ilə əmək bazarına daha çevik uyğunlaşmanı təmin edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”