14 aprel 2026 10:19
223

Kiçik dəyişikliklər həyatınızı xilas edə bilər

Yeni elmi araşdırmanın nəticələrinə görə, gecə 8-9 saatlıq yuxu yatmaq sadə və sağlam həyat tərzi vərdişləri ilə birlikdə tətbiq edildikdə ürək tutması riskini 50 faizdən çox azalda bilər.

Tədqiqatda qeyd olunur ki, kifayət qədər yuxu ilə yanaşı, gündə təxminən 42 dəqiqə orta və yüksək intensivlikli fiziki aktivlik və balanslı qidalanma rejimi də risklərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Hətta gecə əlavə cəmi 11 dəqiqə yatmaq, 4-5 dəqiqə sürətli gəzinti və gündəlik müəyyən miqdar tərəvəz qəbulu belə ürək-damar xəstəlikləri riskini təxminən 10 faiz azalda bilər.

Mütəxəssislərin sözlərinə görə, orta və yüksək intensivlikli fiziki aktivliyə gündəlik həyatdakı sadə hərəkətlər də daxildir. Bunlara pilləkənlə qalxmaq, alış-veriş torbaları daşımaq və ya tempolu yerimək kimi fəaliyyətlər misal göstərilir.

Araşdırma çərçivəsində alimlər ağıllı saatlar kimi texnoloji cihazlardan əldə edilən məlumatlara əsaslanaraq iştirakçıların yuxu və fiziki aktivlik vərdişlərini təhlil ediblər. Qidalanma isə xüsusi sorğu vasitəsilə qiymətləndirilib və bunun əsasında qidalanma keyfiyyəti indeksi formalaşdırılıb. Belə ki, sağlam qidalanma rejimi tərəvəz, meyvə, balıq, süd məhsulları, tam taxıllar və bitki mənşəli yağların daha çox, rafinə olunmuş taxıllar, emal edilmiş ətlər, qırmızı ət və şəkərli içkilərin isə daha az istehlakını nəzərdə tutur.

Araşdırmanın nəticələri “European Journal of Preventive Cardiology” jurnalında dərc olunub. Tədqiqat Avstraliya, Çili və Braziliyadan olan mütəxəssislərin iştirakı ilə aparılıb və 53 mindən çox orta yaşlı britaniyalı yetkinin məlumatları təhlil edilib.

Tədqiqatın aparıcı müəllifi, Sidney Universitetinin əməkdaşı Nicholas Koemel bildirib ki, həyat tərzindəki kiçik dəyişikliklərin belə ürək-damar sağlamlığına gözləniləndən daha güclü müsbət təsiri var. Onun sözlərinə görə, böyük dəyişikliklərə cəhd etmək əvəzinə, bir neçə kiçik və davamlı addımlar atmaq insanlar üçün daha real və uzunmüddətli yanaşmadır. Araşdırmanın aparıcı müəlliflərindən biri olan Emmanuel Stamatakis isə qeyd edib ki, əldə olunan nəticələr əsasında insanların sağlam vərdişlər formalaşdırmasına kömək edəcək yeni rəqəmsal alətlərin hazırlanması planlaşdırılır.

Tədqiqatçılar məlumatları “UK Biobank” layihəsinin alt tədqiqatından əldə ediblər. Bu genişmiqyaslı araşdırmada 2006-2010-cu illər arasında yaşı 40-69 arası olan 500 mindən çox insan iştirak edib. Bununla belə, alimlər vurğulayıblar ki, sözügedən tədqiqat müşahidə xarakterlidir və həyat tərzi ilə ürək-damar xəstəlikləri arasında birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Nəticələrin dəqiqləşdirilməsi üçün əlavə eksperimental tədqiqatlara ehtiyac olduğu bildirilir.

Şahnigar Əhmədova, “İki sahil”