14 aprel 2026 16:26
251

Baş həkim: Elmi Cərrahiyyə Mərkəzi beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirir

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin dünyanın bir sıra aparıcı elmi-kliniki mərkəzləri ilə sıx əlaqələri mövcuddur. Demək olar ki, hər il Mərkəzin təşəbbüsü və rəhbərliyi ilə respublikada beynəlxalq tədbirlər təşkil edilir. Bundan başqa, Mərkəz Türkiyə, Rusiya, Ukrayna, İran və bir sira dövlətlərin aparıcı klinikaları ilə sıx əməkdaşlıq edir. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin təsis etdiyi Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyi Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL) beynəlxalq tədqiqat cəmiyyətləri ilə yaxından əməkdaşlıq edir.

Bunu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Nazim Hacıyev “İki sahil”ə özəl açıqlamasında diqqətə çatdırıb.

Elmi Cərrahiyyə Mərkəzi, eyni zamanda, elmi fəaliyyətlə əlaqədar Rusiya Fedrasiyası O.K.Skobelkin adına Federal Tibbi-bioloji Angentliyin Elmi-parkrtik Lazer Təbabəti Mərkəzi, Ukrayna Tibb Elmləri Akademiyasının N.M.Amosov adına Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutu, Qazaxıstan Respublikası A.N.Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzi kimi xarici müəssisələrlə birgə işlər aparır. 2025-ci ildə Elmi Cərrahiyyə Mərkəzi və Ankara Universiteti arasında elmi-tibbi əməkdaşlıq memorandumu imzalanmışdır. İmzalanan sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin daha da güclənməsinə, birgə innovativ təşəbbüslərin və elmi nailiyyətlərin inkişafına töhfə verəcək. 2025-ci ilin noyabr ayında Çin Xalq Respublikasında Asiya Elmlər Akademiyası yaradılmışdır.

Azərbaycandan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev və mərkəzin Cərrahi Qastroenterologiya üzrə elmi şöbənin rəhbəri, professor Əliniyaz Məmmədov Asiya Elmlər Akademiyasına üzv seçilmişlər. ECM-in əməkdaşlarının akademiyaya üzv seçilməsi Azərbaycanın elm sahəsindəki nüfuzunun və beynəlxalq aləmdəki layiqli yerinin təsdiqidir.

Yaqut Ağaşahqızı, “İki sahil”