Azərbaycanın ən maraqlı etno-mədəni məkanlarından biri olan ABAD-ın İçərişəhərdə yerləşən etno-butikində milli sənətkarlıq nümunələri və əl işi məhsullar ziyarətçilərə təqdim olunur.
İçərişəhərdə fəaliyyət göstərən bu məkan yalnız satış nöqtəsi deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin canlı təqdim olunduğu bir platformadır. Burada nümayiş etdirilən hər bir məhsul yerli sənətkarların əl əməyini, bölgələrə məxsus ənənələri və zəngin mədəni irsi özündə yaşadır.

ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Nərmin Məmmədli bildirib ki, layihənin əsas məqsədi mikro və ailə bizneslərini dəstəkləməklə yanaşı, milli dəyərləri müasir formada təqdim etməkdir. Onun sözlərinə görə, hər bir məhsul sadəcə suvenir deyil, Azərbaycan mədəniyyətinin bir hissəsini daşıyan dəyər nümunəsidir.

Qeyd edilib ki, ABAD etno-butik turistlər tərəfindən böyük maraqla qarşılanır və məhsul çeşidi əsasən onların zövq və ehtiyaclarına uyğun formalaşdırılır. Kiçik ölçülü, daşınması rahat və milli ornamentlərlə zəngin məhsullara üstünlük verilir.
Burada keramika məmulatları, əl işi dekorativ nümunələr, taxta oyma məhsulları və milli motivli suvenirlər xüsusilə diqqət çəkir. Məhsulların dizaynında estetik görünüş, funksionallıq və milli üslubun qorunması əsas prinsip kimi çıxış edir.

ABAD sosial sahibkarlıq modeli əsasında fəaliyyət göstərərək istehsalçılara ideyadan satışa qədər hərtərəfli dəstək göstərir və satışdan əldə olunan gəlir birbaşa onların hesabına köçürülür.

Qurumun əsas hədəfi məhsul çeşidini genişləndirmək, daha çox istehsalçını prosesə cəlb etmək və ABAD brendini beynəlxalq səviyyədə tanıtmaqdır.
Sonda qeyd edək ki, “İki sahil” olaraq ABAD etno-butiki haqqında hazırladığımız videomaterialı oxucularımıza təqdim edirik.
Yaqut Ağaşahqızı,”İki sahil”
Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq - TƏHLİL
Elmi Cərrahiyyə Mərkəzi müasir avadanlıqlar, elmi tədqiqatlar və innovativ cərrahi yanaşmalarla ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verir