Ermənistanın işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda basdırdığı minalar can almaqda davam edir. Belə ki, aprelin 14-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Şübhəsiz, bu faciə minaların yaratdığı davamlı insan itkilərini bir daha açıq-aydın göstərir. Rəsmi statistikaya görə, son 30 il ərzində 3 min 500-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə qeydə alınmış mina partlayışı nəticəsində 422 nəfər zərər çəkib və ya həyatını itirib.
Xatırladaq ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin sözlərinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə ərazilərini minalardan təmizləməkdə davam edir. ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 144, tankəleyhinə 47 mina və 1661 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 2052,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Milli Məclisin deputatı Günay Ağamalı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müharibə bitsə də, onun ağır və amansız izləri hələ də qalmaqdadır: “Rəsmi Bakının dəfələrlə müraciətlərinə baxmayaraq Ermənistan Azərbaycanı basdırılmış minalarla bağlı tam və dəqiq xəritələrlə hələ də təmin etməyib. Sadəcə, 25 faizi reallığı özündə əks etdirən mina xəritələrini təqdim etməklə kifayətlənib. Bu da minatəmizləmə prosesini çətinləşdirir. Üstəlik, mülki insanların və minatəmizləmə ilə məşğul olan qəhrəman əməkdaşların həyatını risk altında qoyur. Bu məsələdə beynəlxalq qurumlar Ermənistana ciddi təsir göstərmirlər. Halbuki mina xəritələrini tam şəkildə Azərbaycana vermək Ermənistanın, bunu sərt şəkildə tələb etmək isə beynəlxalq təşkilataların humanitar və mənəvi borcudur. Onlar unutmasınlar ki, mina təhlükəsi yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin problemidir və bu təhlükənin aradan qaldırılması birgə səylər tələb edir”.
Günay Ağamalı vurğuladı ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasəti çərçivəsində mina təhlükəsinin aradan qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: “Dövlət başçımızın bu məsələyə xüsusi həssaslığı və prinsipial mövqeyi nəticəsində həm daxili resurslar səfərbər olunur, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərir. ANAMA əməkdaşlarının fədakar fəaliyyəti nəticəsində hər gün yeni ərazilər minalardan təmizlənir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət mina probleminə daha həssas yanaşmalı, bu məsələdə Azərbaycana dəstək göstərməlidir. Unutmayaq ki, mina terroru insan təhlükəsizliyinə yönəlmiş təhdiddir. Yeri gəlmişkən, ANAMA beynəlxalq ictimaiyyəti mina təhlükəsi ilə mübarizə sahəsində səyləri birləşdirməyə, humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırıb”.
Milli Məclisin deputatı daha sonra bildirdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan erməni separatçılarından təmizlədiyi Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işlərini uğurla davam etdirir. ANAMA əməkdaşlarının fədakarlığı sayəsində 30 ildən artıq erməni təcavüzünə, terrora, vandalizmə məruz qalmış torpaqlarda həyat yenidən qaynayır. Hətta Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Qarabağda və Şərqi Zəngəzurda hazırda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Onlardan 30 min nəfəri məcburi köçkündür. Şübhəsiz, bu rəqəm daha çox ola bilərdi, əgər Ermənistanın ölkəmizə qarşı mina terroru olmasaydı”.
Qvami Məhəbbətoğlu, “İki sahil”