16 aprel 2026 23:14
130

Əsrləri aşan müalicə

Öskürəyə qarşı İbn Sinanın təklif etdiyi ənənəvi reseptlər yenidən gündəmdə

Tibb elminin görkəmli alimlərindən olan İbn Sinanın təxminən min il əvvəl qələmə aldığı “Əl-Qanun fit-Tibb” əsəri bu gün də sağlamlıq sahəsində maraq doğurmaqda davam edir. Xüsusilə mövsüm dəyişiklikləri zamanı geniş yayılan öskürək probleminə qarşı onun təklif etdiyi təbii üsullar yenidən aktuallaşıb.

Mütəxəssislər bildirirlər ki, öskürək orqanizmin tənəffüs yollarını selik və yad hissəciklərdən təmizləmək üçün yaratdığı təbii refleksdir. Lakin qrip və soyuqdəymə kimi xəstəliklər zamanı bu refleks güclənərək uzunmüddətli narahatlığa səbəb ola bilər.

Təbii vasitələrə maraq artır

Kimyəvi dərmanlara alternativ axtaran şəxslər arasında ənənəvi reseptlərə maraq artır. Bu baxımdan İbn Sinanın əsərində yer alan bəzi qarışımlar yenidən tətbiq olunur.

Əsərdə öskürəyə qarşı tövsiyə edilən əsas reseptlərdən biri kətan toxumu və bal qarışığıdır. Hazırlanma qaydasına görə, kətan toxumu yüngül qovrulur, daha sonra bal ilə qarışdırılaraq saxlanılır. Bu qarışığın öskürək artdığı hallarda gün ərzində az miqdarda qəbul edilməsi tövsiyə olunur.

Digər resept isə müxtəlif bitki mənşəli komponentlərin, o cümlədən badam, heyva çəyirdəyi, biyan kökü və digər maddələrin birlikdə bişirilməsi və üzərinə qaynadılmış üzüm şirəsi əlavə olunması ilə hazırlanır. Qarışığın səhər və axşam qəbul edilməsi məsləhət görülür.

Diqqət edilməli məqamlar

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, təbii üsullar yalnız yüngül simptomların aradan qaldırılmasına kömək edə bilər. Uzunmüddətli və ya şiddətli öskürək hallarında mütləq həkimə müraciət olunmalıdır.

Tarixi tibbi mənbələrdə yer alan bu cür reseptlər bu gün də maraq doğursa da, onların istifadəsi zamanı elmi yanaşma və tibbi məsləhətlər mütləq şəkildə nəzərə alınmalıdır.

Şahnigar Əhmədova, “İki sahil”