Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin - Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə Şanlı Zəfərimizin başlanğıcı olduğunu qeyd edib.
Çıxışlar zamanı vurğulanıb ki, XTQ mənsubları daim ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi naminə Ali Baş Komandanın əmrinə əsasən istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və Vətən uğrunda canından keçməyə hazırdır.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən döyüş iştirakçıları və ictimaiyyət nümayəndələri Aprel döyüşlərinin tarixi əhəmiyyəti, başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurmasından danışıblar.
Tədbirin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqili kompozisiyalar nümayiş etdirilib.
Sonda şəhidlərin şərəfinə ehsan süfrəsi təşkil olunub, ruhlarına dualar oxunub.