15 oktyabr 2026 16:05
138

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Rəqəmsal rabitə” informasiya sistemi (RRİS) yaradılıb və sistem haqqında Əsasnamə təsdiq edilib.

RRİS telekommunikasiya və poçt sahəsində son illərdə formalaşdırılmış rəqəmsal tənzimləmə mexanizmlərinin vahid hüquqi, təşkilati və texnoloji çərçivədə sistemləşdirilməsinə xidmət edir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi operator və provayderlərin uçotu, elektron müraciətlər, məlumatların toplanılması, xidmət keyfiyyətinin ölçülməsi, radiospektr və nömrə resursları, şəbəkələrin xəritələnməsi və digər istiqamətlər üzrə bir sıra rəqəmsal mexanizmləri tətbiq edir. RRİS bu proseslərin vahid informasiya mühitində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.

Həmçinin sektor üçün tənzimləyici proseslər və məlumat mübadiləsinin daha sistemli təşkilinə, məlumatların təkrar təqdim edilməsinin azalmasına və operatorlarla qarşılıqlı əlaqənin sadələşdirilməsinə xidmət edəcək.

Vətəndaş üçün əsas nəticə xidmətin keyfiyyəti, əhatə dairəsi, müraciətlər və digər məlumatların birlikdə təhlili əsasında problemlərin daha dəqiq müəyyənləşdirilməsi, tənzimləyici tədbirlərin daha hədəfli həyata keçirilməsi və istehlakçı maraqlarının daha effektiv qorunması olacaq.

Dövlət üçün isə RRİS rabitə sektorunun daha dolğun rəqəmsal mənzərəsinin formalaşdırılması, xidmətin keyfiyyəti və əhatənin qiymətləndirilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, analitik hesabat və proqnozların hazırlanması və qərarların daha dolğun məlumatlar əsasında qəbuluna imkan verəcək.

RRİS Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsi isə EHİS vasitəsilə həyata keçiriləcək.

Beləliklə, “Rəqəmsal rabitə” informasiya sistemi rabitə sektorunda ayrı-ayrı elektron proseslərdən vahid, inteqrasiya olunmuş və məlumat əsaslı tənzimləmə modelinə keçidin növbəti mərhələsini formalaşdırır.

RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir.