22 aprel 2026 20:04
107

“Şəhid qardaşlar” ev muzeyi ziyarət olunub

Vətən naminə  qəhrəmancasına vuruşub, ölkəmizin ərazi  bütövlüyü  yolunda  canlarını fəda edən əsgər və zabitlərimiz xalqın qəlbində yaşamaqla heç vaxt unudulmaz. Şəhidlik ən uca zirvədir, buna sahib olanlar  üçün  ölüm  yoxdur. Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatan şəhid  Nurlan və  İntiqam Əsgərli qardaşları da belə. Hər iki qardaş bütün Azərbaycan xalqının ən böyük şərəf və qürur yeridirlər.

Ölməzliyə qovuşan, qərinələr boyunca şərəfli həyat  yolları gələn nəsillərə də  örnək olan Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə doğma kəndlərində  Ev muzeyi  yaradılıb.  Burada  şəhid qardaşlara aid şəxsi əşyalar, fotoşəkillər və digər eksponatlar nümayiş olunur.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov başda olmaqla, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsi və mədəniyyət nümayəndələri  “Şəhid qardaşlar” ev muzeyini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndələr muzeylə yaxından tanış olub, burada sərgilənən eksponatların hər biri qonaqlarda dərin təəssürat yaradıb. Qeyd olunub ki, bu cür muzeylər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Tədbir çərçivəsində şəhid qardaşların valideynlərinin xatirələri dinlənilib, eləcə səmimi söhbət zamanı şəhidlərin keçdiyi şərəfli həyat yolundan danışılıb, onların xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Sonda idarə rəisi xatirə dəftərinə ürək sözlərini  yazaraq  şəhidlərin əziz xatirəsinə dərin ehtiramını  bildirib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü