23 aprel 2026 21:58
120

Ermənistanda siyasi hərarət yüksəlir - ŞƏRH

Baş nazir Nikol Paşinyan müxalifət partiyaları və onların potensial seçiciləri haqqında sərt fikirlər söyləyərək onları “axmaq izdiham” adlandırıb: “Məni bağışlayın, bu o deməkdir ki, mən Ermənistan Respublikasında o qədər çox “it və canavar”ın olduğu fikrini qəbul edirəm ki, onlara səs verə bilərlər”

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi mühit getdikcə gərginləşir. Seçkilərdə qələbə qazanmaq üçün bütün qüvvələrini səfərbər edən iqtidar təmsilçiləri və müxalifət-keçmiş dövlət başçıları, revanşistlər, kilsə nümayəndələri müxtəlif ittihamedici fikirlər səsləndirir, bəzən qarşı tərəfi təhqir etməkdən belə çəkinmirlər.

 Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri üçün hazırladığı proqramı açıqlanmasını davam etdirir. Proqramın əsasını “Real Ermənistan” ideologiyası, Azərbaycanla sülhün institutsionallaşdırılması, regional kommunikasiyaların açılması və Qərblə əlaqələrin dərinləşdirilməsi təşkil edir. 2026-2031-ci illəri əhatə edən proqramda isə hədəflər sülh sazişinin yekunlaşdırılması, delimitasiya prosesinin davam etməsi və Rusiydadan asılılığın azaldılmasıdır. Paşinyan bu proqramla sülh dövrünü qorumaq, ölkəni geosiyasi tələlərdən çıxarmaq missiyasını qarşıya qoyduğunu bəyan edib.

N.Paşinyan “Facebook” səhifəsində açdığı canlı yayımda bildirib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: “Yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalı olduğunu deyəndə mövqeyimi açıq şəkildə ifadə etdim. Niyə? Sadəcə olaraq, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətinə əsaslanaraq. Bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”.

Paralament seçkiləri ərəfəsində Ermənistan müxalifəti fəallaşaraq yenidən qruplaşır. Seçkilərdə birgə iştirak edəcəklərini Rusiyayönlü müxalif siyasətçi, “Ana Ermənistan” Partiyasının lideri Andranik Tevanyan və oliqarx Qaqik Tsarukyan bəyan ediblər. Tevanyan vaxtilə lideri sabiq prezideni Robert Koçaryan olan “Ermənistan” fraksiyasından deputat olub. Tsarukyan isə “Çiçəklənən Ermənistan” Partiyasına rəhbərlik edir. Andranik Tevanyanın sözlərinə görə, onların birləşməsi “ciddi proqramı və hakimiyyəti öz üzərinə götürməyə iddialı komandası olan güc mərkəzinin formalaşması” barədə siqnaldır.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın sözlərinə görə, Koçaryanın komandasının bir hissəsinin Tsarukyanın siyahısına qoşulması və onların seçkilərdə birgə iştirakı müxalifətin Gümrüdə tətbiq etdiyi ssenarini bu dəfə ümumrespublika səviyyəsində təkrarlamaq niyyətində olduğunu göstərir.

Ermənistanın keçmiş prezidenti Serjik Sərkisyan iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan və komandasının yenidən qalib gələcəyini düşünür. Sabiq prezident seçkilərin hazırkı hakimiyyətin lehinə saxtalaşdırılacağını düşündüyü üçün seçkilərə qatılmadığını iddia edib: “Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, yekdil, düşünülmüş və əsaslandırılmış, tarixi qərardır”. Robert Koçaryan və digər müxalif qüvvələrə dəstək verməyəcəklərini vurğulayan Sarkisyanın sözlərinə görə, artıq Avropa İttifaqı Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının seçilməsi üçün fəaliyyətə başlayıb.

Nikol Paşinyana görə, Sarqsyanın guya seçkidən kənarda qalacağı barədə bəyanatları yalandır. Baş nazir deyib ki, keçən dəfə Sarqsyan seçkilərdə “Mənim şərəfim var” bloku ilə iştirak edib, bu dəfə isə “Güclü Ermənistan” vasitəsilə iştirak edir: “O, açıq şəkildə dəstəyini ifadə edib”. O, bildirib ki, qarşıdakı seçkilərin nəticələrinə əsasən müxalif qüvvələr “sarsıdıcı məğlubiyyətə” uğrayacaqlar: “Köhnə hakimiyyətin bütün nümayəndələri və oliqarxlar siyasi arenadan qəti və dönməz şəkildə sıxışdırılıb çıxarılacaq. 2026-cı ildən sonra siyasətdə bir oliqarx və ya sabiq prezident görməyəcəksiniz”.

 Baş nazir parlamentdəki çıxışı zamanı müxalifət partiyalarının potensial seçiciləri haqqında da sərt fikirlər söyləyərək onları “axmaq izdiham” adlandırıb. Baş nazir bildirib ki, o, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan”, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” və iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” kimi müxalifət düşüncəli siyasi qüvvələrin Milli Assambleyaya daxil olacağını təsəvvür belə edə bilmir. “Məni bağışlayın, bu o deməkdir ki, mən Ermənistan Respublikasında o qədər çox “it və canavar”ın olduğu fikrini qəbul edirəm ki, onlara səs verə bilərlər” deyən Paşinyan qeyd edib ki, belə bir təklif ölkəsinə qarşı hörmətsizlik olardı.

Zahid Rza, “İki sahil”