23 aprel 2026 22:46
144

Qida sahəsində fəaliyyət göstərən subyekt və obyektlərin qeydiyyat mərhələləri tam elektronlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) proseslərin rəqəmsallaşdırılması istiqamətində işlər planlı və məqsədyönlü şəkildə davam etdirilir. “İki sahil” xəbər verir ki, bu çərçivədə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) mühüm modullardan biri olan “Qeydiyyat və təsdiq” modulu uğurla tətbiq olunur.
Sözügedən altsistem “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyatını və ya təsdiqini təmin edir.
Rəqəmsallaşdırma prosesinin tətbiqi nəticəsində qida sahəsində fəaliyyət göstərən subyekt və obyektlərin qeydiyyatı ilə bağlı bütün mərhələlər elektron platformaya inteqrasiya olunub. 
Belə ki, sahibkarların müraciətlərinin qəbulu, daxili icraat mərhələləri və yekun sənədlərin təqdim edilməsi tam rəqəmsal formada həyata keçirilir. Eyni zamanda, sistemdə ödəniş mexanizmləri də elektronlaşdırılıb və istifadəçilər üçün şəxsi kabinet vasitəsilə onlayn ödəniş imkanları yaradılıb.
Modul vasitəsilə ölkədə fəaliyyət göstərən qida obyektlərinin, obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin, eləcə də qida məhsullarının idxalını həyata keçirən obyektlərin qeydiyyatı təmin olunur. Qeydiyyata alınmış subyektlər və onlara aid obyektlər, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı ilə məşğul olan obyektlər barədə reyestr məlumatları açıq formada Agentliyin rəsmi internet səhifəsi (afsa.gov.az) vasitəsilə ictimaiyyətə təqdim edilir. Bu da həm sahibkarların, həm də vətəndaşların məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir.
Eyni zamanda, sistemdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti, eyni zamanda Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya təmin edilib, bu proseslər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən real vaxt rejimində həyata keçirilir. Bununla yanaşı qurumdaxili digər altsistemlərlə də inteqrasiyalar qurulub, məlumatların doğruluğunun avtomatik yoxlanılması mexanizmləri tətbiq olunub. 
Ümumilikdə AQTA tərəfindən həyata keçirilən rəqəmsallaşdırma tədbirləri xidmətlərin keyfiyyətinin artırılmasına, idarəetmədə şəffaflığın və operativliyin təmin edilməsinə, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.