26 aprel 2026 13:20
97

Malinin paytaxtında komendant saatı elan edilib

Malinin paytaxtı Bamako və onun ətraf ərazilərində strateji obyektlərə, o cümlədən beynəlxalq hava limanına hücumlardan sonra komendant saatı tətbiq olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Bamako dairəsinin qubernatoru bəyanat yayıb.

"Komendant saatı saat 21:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) 06:00-dək (saat 10:00 - red.) qüvvədədir və üç gün davam edəcək. Bu tədbir asayişin təmin olunması üçün zəruridir", - deyə qubernator vurğulayıb.

Xatırladaq ki, aprelin 25-də silahlı qruplaşmalar Bamakonun yaxınlığında yerləşən ölkənin ən böyük ordu bazası olan Katiyə hücum ediblər. Onlar, həmçinin paytaxtın beynəlxalq hava limanını atəşə tutublar. Radikal qruplaşmalar ölkənin müxtəlif bölgələrində yerləşən onlarla digər şəhərə də hücumlar təşkil ediblər.

Mali Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, hücumların dəf edilməsi və hökumət qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində "yüzlərlə silahlı" məhv edilib.