27 aprel 2026 23:55
120

Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İstanbulda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Qeyd olunur ki, görüş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) peşəkar inkişaf sammiti çərçivəsində keçirilib.

Görüş zamanı A.Əliyev ötən ilin dekabrında Bakıda TDT ölkələrinin Əmək, Məşğulluq və Sosial Müdafiə nazirlərinin birinci iclasının uğurla keçirildiyini xatırladıb, qəbul edilmiş bəyannamənin səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycanda icbari sosial sığorta sisteminin inzibatçılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.

K.Omuraliyev TDT Katibliyinin dəstəyi ilə Bakıda əldə olunan nazirlər səviyyəsində qərarların həyata keçirilməsində işçi qrupun əhəmiyyətli rolunu vurğulayıb və son zamanlar Azərbaycanda sosial sığorta sisteminin inkişafında əldə olunan irəliləyişi alqışlayıb.

Tərəflər həmçinin türk dünyasında inklüziv və dayanıqlı əmək və sosial müdafiə sistemlərinin inkişafına yardım məqsədilə TDT-yə üzv dövlətlər arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.