Aprelin 28-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı, İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon Mərkəzi Xəstəxanası PHŞ-in təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş “Nəsillərə nümunə ömür yolu” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan İsmayıllı rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Vidadi Rəhimov nəcib insan, tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat yolu haqqında danışıb. Bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyeva göz xəstəliklərinin prafilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb: Zərifə xanım hər zaman xalqımızın yaddaşında yaşayacaq. Böyük şəxsiyyət, istedadlı həkim olan Zərifə xanım Əliyeva uzun illər pedaqoq kimi də xalqımızın xidmətində dayanıb. Akademik Zərifə Əliyevanın elmi rəhbərliyi ilə neçə-neçə elmlər doktoru, professor yetişib ki, bu gün onlar xalqımızın səhhətinin qayğısına qalır.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov qeyd etdilər ki, Zərifə xanımın oftalmologiya sahəsində imza atdığı yeniliklər böyük bir məktəbin yaranmasına imkan verib. Bu məktəbin hər bir nümayəndəsi məhz Zərifə xanımdan başlayan bir ənənənin davamçısı olduğunu və bu böyük məsuliyyəti anlayır. Zərifə xanım Əliyeva tanınmış alim olmaqla yanaşı, həm də çox nəcib, əsl Azərbaycan qadınına məxsus xüsusiyyətləri özündə cəmləyən insan olub. Zərifə xanım cənab İlham Əliyev kimi övlad böyüdərək xalqımıza bəxş edib. Əbəs yerə ömür kitaba bənzədilmir. Bu kitabın çoxcildliliyi, böyük auditoriya üçün təqdimatı yaşanan ömrün mənalılığından, insanlar tərəfindən böyük sevgi ilə qarşılanmasından və xatirələrə çevrilməsindən asılıdır. Zərifə xanım Əliyeva bu sevgini qazanan, daim qəlblərdə yaşanan və hər zaman yaşanacaq şəxsiyyətlərdəndir.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılmış, Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı tərəfindən partiya sıralarına yeni qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib