29 aprel 2026 00:58
121

Azərbaycan-Çexiya əməkdaşlığında yeni səhifə

Bu münasibətlər yalnız dostluq və tərəfdaşlıq ritorikası ilə məhdudlaşmır, həm də konkret geoiqtisadi və geosiyasi məzmun kəsb edir

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın getdikcə daha böyük rol oynaması Qərb dünyasında indi daha çox qabardılmaqda, bu fonda ölkəmizlə əməkdaşlığın miqyası daha da genişlənməkdədir. Xüsusilə Rusiya neftinin payının 7,7 faizə qədər azalması bu strategiyanın praktik nəticələrini nümayiş etdirir. Bu fonda Çexiyanın idxal strukturunda Azərbaycanın payının artması alternativ tədarük marşrutlarının və etibarlı tərəfdaşların ön plana çıxdığını göstərir. Trans-Alp neft kəmərinin ötürücülük qabiliyyətinin artırılması da bu prosesdə mühüm rol oynayaraq qeyri-ənənəvi mənbələrdən tədarükün genişlənməsinə imkan yaradıb. Təsadüfi deyil ki, son dövrlər Azərbaycan Çexiyanın əsas neft tədarükçülərindən birinə çevrilib. Belə ki, Azərbaycanın bu ölkəyə tədarük həcminin 2,9 milyon tona çatması təkcə ticarət göstəricisi deyil, eyni zamanda, enerji təhlükəsizliyi kontekstində formalaşan yeni tərəfdaşlıq modelinin göstəricisidir.

Çexiya Azərbaycan neftini birbaşa boru kəməri ilə ala bilmir, çünki aralarında fiziki bağlantı yoxdur. Ona görə neft bir neçə mərhələdən keçir. Azərbaycan nefti əvvəlcə Bakı-Tbilisi-Ceyhan kəməri ilə Xəzər dənizindən Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına vurulur. Ceyhan SOCAR-ın əsas ixrac terminalıdır və oradan neft tankerlərə yüklənir. Çexiyaya göndərilən neft tankerlərlə Aralıq dənizindən keçib İtaliyanın şimal-şərqindəki Triest limanına çatdırılır. Triest limanı Mərkəzi Avropanın ən böyük neft terminallarından biridir. Oradan neft TAL boru kəmərinə vurulur. TAL kəməri Triestdən başlayır Alp dağlarını keçir, Almaniyanın cənubuna və Avstriyanın bir hissəsinə gedir. TAL-ın bir qolu IKL adlanır. IKL kəməri Almaniyanın İngolştadt şəhərindən Çexiyaya daxil olur və birbaşa Çexiyanın iki əsas neftayırma zavoduna gedir. Bunlardan biri "Litvínov", digəri "Kralupy nad Vltavou" zavodudur. Hər iki zavod "Orlen Unipetrol" şirkətinə məxsusdur və Çexiyanın benzin, dizel, mazut tələbatının əsas hissəsini ödəyir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Çexiya hökuməti Rusiya neftindən imtina etmək qərarı verdi. Əvəzinə Azərbaycan, Norveç, Qazaxıstan və ABŞ neftinin idxalını artırdı. Azərbaycan bu siyahıda əsas yer tutdu. 2024-cü ildə Çexiya Azərbaycan nefti idxalını kəskin artırdı, 2025-ci ildə isə İtaliyadan sonra 2-ci ən böyük alıcı oldu. Rəqəmlə desək, Çexiya 2025-ci ildə Azərbaycanın xam neft ixracında təxminən 15-18 faiz paya sahibdir. İtaliya birinci yerdə qalır, çünki Triest terminalı və İtaliya neftayırma zavodları ən böyük müştərilərdir.

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir. Səfər çərçivəsində Qəbələdə keçirilən görüşlər və imzalanan sənədlər onu göstərdi ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

“Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”. Bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. Dövlət başçımızın 800 milyon dollardan artıq ticarət dövriyyəsinə diqqət çəkməsi iqtisadi münasibətlərin artıq nəzərəçarpacaq miqyas aldığını göstərir. Lakin Prezident İlham Əliyevin xüsusi vurğuladığı məqam – bu dövriyyənin əsasən neft ixracı üzərində qurulmasıdır, bu da, əməkdaşlığın struktur baxımından şaxələndirilməsinin vacibliyini önə çəkir.

Çexiyadan böyük biznes nümayəndə heyətinin Azərbaycana səfəri və biznes-forumun təşkili iqtisadi münasibətlərin yeni mərhələyə keçidini göstərir. Bu, klassik ticarət modelindən sərmayə, texnologiya transferi, sənaye kooperasiyası və birgə layihələr modelinə transformasiya siqnalıdır. Xüsusilə sənaye, yaşıl texnologiyalar, nəqliyyat-logistika, ağıllı infrastruktur və rəqəmsallaşma kimi sahələrdə Çexiyanın təcrübəsi Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaratmaqdadır.

Digər tərəfdən, səfərin yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmadığını da nəzərə almaq lazımdır. Çex Respublikası Baş nazirinin Azərbaycandan sonra Mərkəzi Asiya ölkələrinə planlaşdırılan səfərləri bu prosesə daha geniş prizmadən baxmağı zəruri edir. Bu kontekstdə Azərbaycanın oynadığı “strateji körpü” rolu ön plana çıxır. Söhbət Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə, ticarətin genişlənməsinə və təbii resursların daha səmərəli istifadəsinə xidmət edən kommunikasiya imkanlarından gedir.

Sevinc Azadi, “İki sahil”