2025–2026-cı illər mövsümündə həm klublarımızın, həm də milli komandalarımızın beynəlxalq yarışlarda iştirakı bizim üçün çox önəmlidir. Azərbaycan Voleybol Federasiyasının inkişaf strategiyasında əsas məqsədlərdən biri məhz klub və milli səviyyədə beynəlxalq arenada davamlı təmsil olunmaqdır. Bu baxımdan cari mövsümü ümumilikdə müsbət qiymətləndiririk.
Bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.
Onun sözlərinə görə, aşağı yaş qrupları üzrə milli komandalarımız - yeniyetmə və gənclər - artıq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışlarında və Avropa Çempionatının təsnifat mərhələlərində iştirak ediblər. Bu çıxışlar onların inkişafı baxımından çox əhəmiyyətlidir.
Həmsöhbətimiz əlavə edib ki, qadın və kişi milli komandalarımızın Avropa Liqasında iştirakı da qarşıdakı dövr üçün ciddi təcrübə vəd edir. Təbii ki, əsas məqsədimiz iştirak etdiyimiz yarışlarda uğurlu nəticələr əldə etmək və ölkəmizi layiqincə təmsil etməkdir. Lakin onu da qeyd etmək lazımdır ki, yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübə həlledici rol oynayır. Bu baxımdan hər bir yarış idmançılarımız üçün vacib bir inkişaf mərhələsidir.
Yaqut Ağaşahqızı, “İki sahil”