Artıq ikinci mövsümdür ki, aşağı yaş qrupları üzrə (U-14, U-16, U-18) Azərbaycan birinciliyi təşkil olunur. Bildiyiniz kimi, bu yarışlarda paytaxtdan və bölgələrdən olan qız və oğlan komandaları çempionluq uğrunda mübarizə aparıblar.
Bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil”ə müsahibəsində qeyd edib.
Ş.Kərimova bildirib ki, ümumilikdə 170 komanda iştirak edib. Oyunlar həm bölgələrdə, həm də Bakıda təşkil olunub. Yarımfinal və final qarşılaşmaları isə Bakıda keçirilib. Qarşılaşmalar olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu oyunları federasiya rəhbərliyi və milli komandaların baş məşqçiləri izləyiblər. Baş məşqçilər perspektivli gənc oyunçuları müəyyən edərək onların milli komandaya cəlb olunmasını planlaşdırırlar.
Federasiya nümayəndəsi əlavə edib ki, bu il Yüksək Liqa yarışları da kifayət qədər maraqlı və gərgin keçib. İştirakçı komandalar demək olar ki, eyni səviyyədə olub və hər biri çempionluğa iddialı çıxış edib. Federasiyanın əsas məqsədlərindən biri də məhz güclü və rəqabətli çempionatın təşkilidir. Çünki oyunçular mövsüm ərzində nə qədər çox oyun təcrübəsi qazanar və yüksək səviyyəli çempionatda iştirak edərsə, bir o qədər peşəkar və güclü idmançıya çevrilər.
Yaqut Ağaşahqızı, “İki sahil”