01 may 2026 15:59
125

Makron kralın zarafatını yüksək qiymətləndirib

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kralı Çarls III tərəfindən ABŞ prezidenti Donald Tramp ilə keçirilən rəsmi ziyafətdə səsləndirilən zarafatı yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, Fransa lideri bu barədə fikirlərini X sosial şəbəkəsində bölüşüb.

Kral III Çarlz çıxışı zamanı Donald Trampın yanvar ayında səsləndirdiyi fikrə yumorla cavab verib. Belə ki, Tramp qeyd etmişdi ki, ABŞ-ın köməyi olmasaydı, Avropada “hamı alman dilində və bəlkə də bir qədər yapon dilində danışardı”. Buna cavab olaraq Britaniya monarxı bildirib: “Siz bu yaxınlarda qeyd etdiniz, cənab Prezident, əgər ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışardı. Cəsarət edib deyərdim ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız”.

Emmanuel Makron isə bu zarafata münasibət bildirərək “Bu, möhtəşəm olardı” (“C’était chic”) sözlərini yazıb.

Qeyd edək ki, kral III Çarlzın ABŞ-a səfəri ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunub. Səfər çərçivəsində monarx ABŞ Konqresində də çıxış edib.