04 may 2026 20:20
105

AzAK Praqada Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının iclaslarında iştirak edib

Müzakirələr yeni yaradılan Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının (GLOBAL-ACL) fəaliyyəti, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində müasir yanaşmalar və qarşılıqlı tanınma mövzularını əhatə edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Çexiya Respublikasının Praqa şəhərində keçirilən Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının (GLOBAL-ACL) yarımillik iclaslarında iştirak edib.

İclaslarda ölkəmizlə yanaşı, Almaniya, Böyük Britaniya, Gürcüstan, İspaniya, Qazaxıstan, Koreya, Norveç, Sinqapur, Tayland, Türkiyə və digər dövlətlərin akkreditasiya orqanlarının, müvafiq sahədə regional əməkdaşlıq qurumlarının, eləcə də beynəlxalq təşkilatların 100-dən yuxarı nümayəndəsi iştirak edib.

İclaslar zamanı ilk növbədə Beynəlxalq Akkreditasiya Forumu (IAF) və Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı (ILAC) təşkilatlarının yeni vahid qurum – “Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatı” adı altında fəaliyyət göstərməsi məsələlərinə nəzər salınıb.

Bundan əlavə, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində qabaqcıl təcrübələrin təhlili, qlobal akkreditasiya sisteminin gələcək inkişaf istiqamətləri, innovativ yanaşmaların tətbiqi ilə keyfiyyət infrastrukturunun gücləndirilməsi ətrafında müzakirələr baş tutub.

Sonda təşkilati və strateji istiqamətlərə dair qərarlar qəbul edilib, aidiyyəti texniki komitələrin fəaliyyəti üzrə növbəti iclasların cari ilin oktyabr ayında keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd: 1 yanvar 2026-cı il tarixindən Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatı (GLOBAL-ACL) fəaliyyətə başlayıb. Qurum Beynəlxalq Akkreditasiya Forumu (IAF) və Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı (ILAC) təşkilatlarının birləşməsi yolu ilə yaradılıb